
Respublikaçı konqresmen Tomas Massi ABŞ Nümayəndələr Palatasına müdafiə naziri Pit Heqset barəsində impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə təqdim edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sənəd səkkiz maddədən ibarətdir və onlardan üçü İranla müharibəyə aiddir.
Massi Konqresin aşağı palatasında çıxışı zamanı sənəddən bəzi hissələri səsləndirib. Qətnamədə Heqsetin İrana qarşı müharibənin başlanması ilə bağlı "qanunsuz əmrləri bilərəkdən yerinə yetirdiyinə" görə vəzifəsindən kənarlaşdırılmalı olduğu bildirilir.
Konqresmen qeyd edib ki, bu addımlar Konqresin razılığı olmadan və İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığı şəraitdə atılıb.
Digər ittihamlar mülki əhalinin müdafiəsi qaydalarının pozulması, ABŞ-ın dəniz əməliyyatları zamanı narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxslərin məhkəməsiz öldürülməsi, söz azadlığının məhdudlaşdırılması və Venesuelada Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirakla bağlıdır. Qətnamə üzrə səsvermənin yaxın günlərdə keçirilməsi mümkündür.
Qeyd edək ki, bir çox demokrat konqresmen, eləcə də bəzi respublikaçılar müxtəlif vaxtlarda ABŞ-ın İranla müharibəsində Heqsetin fəaliyyətini kəskin tənqid ediblər.
Pentaqon rəhbəri isə impiçment təşəbbüsündən narahat olmadığını bildirib.
Yeri gəlmişkən, daha əvvəl ABŞ Prezidenti Donald Tramp müdafiə nazirinin fəaliyyətindən razı olduğunu bəyan edib.