Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Senzor.az bildirir ki, tədbir "Stad De Frans"da baş tutub.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Olimpiya bayrağını ABŞ-ın Los Anceles şəhərinin meri Karen Basa təqdim edib. Qeyd edək ki, növbəti Olimpiya Oyunları 2028-ci ildə Los Ancelesdə keçiriləcək.
**23:31(11.08.2024)
Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir.
Senzor.az bildirir ki, "Stad de Frans" stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Bağlanış mərasimində ölkələrin paradı da təşkil olunub. Parad zamanı Azərbaycan bayrağını Olimpiadanın gümüş mükafatçısı taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.
Qeyd edək ki, Azərbaycan idmançıları "Paris-2024" Yay Olimpiya Oyunlarında 7 medal qazanıblar. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
İdmançılarımız yarışı 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb. Komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb. 30-cu yer Azərbaycanın olimpiadalar tarixində ən yaxşı göstəricisi olub. Belə ki, ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı göstəricini üstələyib.
Onu da qeyd edək ki, Azərbaycan Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.