Ermənistanın paytaxtında İranın xaricdəki ilk və ən böyük ticarət mərkəzinin açılışı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qırmızı lenti İranın Ermənistanda səfiri Mehdi Sobhani və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan kəsiblər.
Sobhani tədbirdə çıxış edərək deyib ki, iki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlıq tərəflər üçün ciddi kapital yarada bilər. Onun sözlərinə görə, Tehran ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkan və potensialdan yararlanmaq əzmindədir.
Səfir qeyd edib ki, hər iki dövlətin başçısı ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək üçün siyasi iradəyə malikdir və “biz qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərimizdə ardıcıl olacağıq”.
Sobhani vurğulayıb ki, hər iki dövlət başçıları ticarət dövriyyəsinin həcmini 3 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. Səfir bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini gözləyir.
O da vurğulanır ki, İranın İnkişaf və Ticarət Təşkilatının dəstəyi ilə yaradılan ticarət mərkəzinin sahəsi 18 min kvadratmetrdən çoxdur.