Noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santokhi BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Azərtac xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ölkəmizin Surinamdakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.
Senzor.az xatırladır ki, Surinam Respublikası (nider. Republiek Suriname) Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Qayana, cənubda Braziliya, şərqdə Fransız Qvianası ilə həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Paramaribo, ümumi sahəsi 163,821 kvadrat kilometr, əhalisinin sayı 570 min nəfərdən çoxdur. Ölkənin keçmiş adı Niderland Qvianası olub.