ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp andiçmə mərasimindən bir neçə gün sonra köməkçilərinə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.
Senzor.az bildirir ki, bu barədə öz mənbələrinə istinadla CNN telekanalı məlumat yayıb.
Məlumata görə, telefon danışığının mövzusu Ukraynada müharibəyə son qoymağa çalışmaq məqsədi ilə yaxın aylarda siyasətçilərin şəxsi görüşünün müzakirəsi olacaq.
Kanalın həmsöhbətlərindən birinin dediyi kimi, Tramp əmindir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyacaq “həll yolu tapmaq üçün məhz Putinlə birbaşa əlaqə lazımdır”.
CNN qeyd edir ki, əslində Donald Trampın komandası Putinlə danışığa və görüşə hazırlaşmağa bir neçə həftə əvvəl başlayıb, lakin söhbətin tarixinin müəyyən edilib-edilmədiyi hələlik bəlli deyil. Telekanalın məlumatına görə, Tramp vəzifəsinin icrasına başladıqdan sonra Amerika və Rusiya rəsmiləri onların şəxsi danışıq və görüşlərinin təşkili ilə bağlı işə tam başlaya biləcəklər.