HƏMAS Qəzzada atəşkəsə dair razılaşma çərçivəsində İsrailin bu gün azad etməli olduğu 90 məhkumun siyahısını gözləyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, HƏMAS-ın yaydığı bəyanatda belə deyilir.
Bəyanatda nəzərə çatdırılıb ki, razılaşmaya əsasən, azadlığa buraxılacaq bir israilli girovun müqabilində 30 fələstinli azadlığa buraxılmalıdır.
Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu orduya HƏMAS-a zərbələri davam etdirmək göstərişi verib. Nəticədə atəşkəsin təxirə salındığı müddətdə 19 fələstinli ölüb, 36 nəfər yaralanıb. Və atəşkəs yalnız siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HƏMAS-ın onu təqdim etməsindən sonra saat 11.15-də qüvvəyə minib.
HƏMAS bu gün 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri artıq azad edərək Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib. Girovların təhvil verilməsi Qəzza şəhərindəki əs-Saraya meydanında baş tutub. BQXK İsraili “üç girov qadının vəziyyətinin yaxşı olduğu” barədə məlumatlandırıb.