İran Prezidenti Məsud Pezeşkian və onu müşayiət edən nümayəndə heyəti yanvarın 17-də Moskvaya səfəri zamanı xoşagəlməz vəziyyətlə üzləşib.
Haqqin.az bildirir ki, bu iddia ilə müxalif “İran İnternational” nəşri çıxış edib.
Nəşrin yazdığına görə, Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə yollanan Pezeşkian və onun nümayəndə heyəti bir saata yaxın qapıda gözləmək məcburiyyətində qalıb. Onlara bildirilib ki, Putin hələ görüşə hazır deyil. İran nümayəndə heyətinə ya zalda gözləmək, ya da otelə qayıtmaq təklif olunub.
Naqolay vəziyyətdə qalan İran Prezidenti və onu müşayiət edən şəxslər namaz qılmaq bəhanəsi ilə otelə qayıdıblar. Daha sonra Putinlə görüşmək üçün yenidən Kremlə yollanıblar.
“İran İnternational”ın mənbəsi həmçinin qeyd edib ki, Rusiya tərəfinin iranlı jurnalistlərə qarşı davranışı da, necə deyərlər, “uyğun olmayıb”.
Xatırladaq ki, Məsud Pezeşkianın Moskvaya səfəri zamanı İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Bu sənədin tam mətni dekabrın 28-də TASS agentliyi tərəfindən dərc edilib. Memorandumda tərəflərin müxtəlif sahələrdə, o cümlədən müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirəcəyi bildirilir. Bununla belə, sənəd tərəflərin bir-biriləri qarşısında hərbi öhdəliklərini nəzərdə tutmur. Memoranduma əsasən, tərəflərdən birinə hücum olarsa, qarşı tərəf təcavüzkara heç bir dəstək verməyəcək. Yəni bu, müttəfiqlik müqaviləsi deyil, daha çox hücum etməmək müqaviləsidir.
Bundan əlavə, Moskvada aparılan danışıqların yekunu üzrə Rusiya tərəfi Azərbaycan ərazisi vasitəsilə İrana 55 milyard kubmetrədək Rusiya qazının nəqli ilə bağlı razılığın əldə olunduğunu bəyan edib. Bakının bu bəyanatla bağlı mövqeyi məlum deyil.
Senzor.az