Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, yararsız vəziyyətə düşmüş və istifadə müddəti başa çatmış raketləri almaqda və dövlətə milyardlarla dollar ziyan vurmaqda ittiham olunur.
Məlum olub ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri 1985-1991-ci illərdə istehsal olunan raketləri alaraq onların bəzilərini "endirimli" qiymətlərlə Müdafiə Nazirliyinə göndərib. Sursatlar istifadə müddəti bitdiyinə görə qəbul edilməyib. Buna baxmayaraq, Müdafiə Nazirliyində saxlanılıb.
Aviasiya idarəsinin rəisi, bir qrup məmurla birlikdə saxta sənədlər vasitəsi ilə raketləri yenidən hərbi şöbəyə satıb. Özü də bunu bazar qiymətindən daha yüksək qiymətə reallaşdırıb. Ordunun real ehtiyaclarına baxmayaraq, aviasiya idarəsinin rəisi, demək olar ki, 2,8 milyard dram (cari məzənnə ilə təxminən 5,6 milyon dollar-red.) məbləğində müqavilə imzalayaraq çoxlu sayda belə raketlərin alınması üçün sənəd təqdim edib. Nəticədə, Müdafiə Nazirliyinin anbarlarına saxlama müddətinə və tələb olunan texniki parametrlərə uyğun olmayan döyüş sursatı daxil olub.
MTX qeyd edir ki, bu raketlərin bir qismi "satın alındıqdan" bir müddət sonra istismardan çıxarılıb, qalanlarından isə 44 günlük müharibə də daxil olmaqla, ümumiyyətlə heç vaxt istifadə etmək mümkün olmayıb: “Hazırda həmin keçmiş yüksək rütbəli hərbçi saxlanılıb və onun həbs olunması üçün məhkəməyə vəsatət verilib. Cinayətdə iştirak edən şəxslərin hər birinin müəyyən edilməsi və dəymiş ziyanın bərpası üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir".