Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət bərpa edilib.
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.
O qeyd edib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub.
** 10:52
Quba rayonunda qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.
"Report" xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində qeydə alınıb.
Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
AAYDA-dan bildirilib ki, Quba-Qonaqkənd yolunun 31-ci kilometrliyinə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub: "Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq".