İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Senzor.az bildirir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 35 ailə - 158 nəfər köçürülüb.
Köçürülən ailələrdən 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır.
Qeyd edək ki, 30.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Sarıcalı kəndinə cəmi 184 ailə (767 nəfər) köçürülüb.
Onu da qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülmüş keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.