Fevralın 1-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli yazıçı-jurnalist Nurəddin Ədiloğlunun müəllifi olduğu “Sözün müharibə rəngi”, “Şəhidlik manifesti” və “Qaçaq Mozu Yezid İzzət” kitablarının təqdimat mərasimi olub
Tanınmış yazıçıların, jurnalistlərin, şəhid ailələrinin və oxucuların iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, bu gün həm də Nurəddin Ədiloğlunun doğum günüdür: “Yazıçılar Birliyinin rəhbərliyi adından Nurəddin müəllimi 65 yaşı olması münasibəti ilə ürəkdən təbrik edirəm, təvazökar fəaliyyəti ilə hörmət qazanan bu insana minnətdarlığımı bildirirəm. Bizim bu tədbirə yığışmağımız ona olan münasibətin göstəricisidir. Bu gün burada müəllifin 3 kitabı təqdim olunur. “Sözün müharibə rəngi” xüsusilə təqdirəlayiqdir. Bu kitabın işıq üzü görməsində “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi hiss olunur. Birliyin rəhbəri Arzu Bağırova bu tədbirdə iştirak edir. Yazıçılar Birliyində keçirilən tədbirlərdə mütəmadi olaraq iştirak edir. Ümumiyyətlə, son illərdə bu İctimai Birliyin müxtəlif tədbirlərində iştirak etmişəm. Çox fəal, maraqlı və vətənpərvər tədbirlər təşkil edirlər. Arzu xanıma bu kitaba dəstəyinə görə təşəkkür edirik. Bu kitabda dərc olunan yazıların əksəriyyəti “İki sahil” qəzetində çap edilib. Kitabda ön sözün müəllifi Qənirə Paşayevadır. Kiatbda Birinci və İkinci Qarabağ müharibəsində böyük şücaət göstərmiş qəhrəmanlarımız barədə maraqlı yazılar var. Eyni zamanda, Vətən müharibəsi, düşmənlərimizin məkrli siyasəti haqqında da yazılar yer alıb. Müəllifə təşəkkürümüzü bildiririk”.
Tədbirin aparıcısı, yazıçı Kənan Hacı çıxışında müəllifin zəngin və məhsuldar yaradıcılığı olduğunu vurğulayıb: “Nurəddin müəllim son dərəcə təvazökar, sadə bir insandır. Bizim dostluğumuzun 20 ilə yaxın tarixçəsi var. Müəllifə dəyərli kitablarına görə təşəkkür edirəm”.
Tənqidçi alim, filologiya elmləri doktoru Vaqif Yusifli çıxış edərək iştirakçılara N.Ədiloğlunun yaradıcılığı və tarixi romanlarında cərəyan edən hadisələr, obrazlar barədə geniş məlumat verib: “Nurəddin müəllim sadə və təmiz yazır, gözəl nəsr nümunələri yaradıb. Publisistik yaradıcılığı genişdir. O, hər zaman Azərbaycan dilinin emosionallığını qoruyur. Müəllifin şəhidlərlə bağlı yazıları xüsusilə əhəmiyyətlidir. Bu baxımdan “Şəhidlik manifesti” kitabı diqqətə layiqdir.”
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında Nurəddin müəllimi hələ 1990-cı illərin əvvəllərindən yazılarından tanıdığını qeyd edib: “Jurnalist kimi müxtəlif qəzetlərdə çox cəsarətli yazıları dərc olunurdu. Hələ o dövrdə ictimai-siyasi proseslərdə fəal iştirakçı olub. Nurəddin müəllimin müasir dövrdə də ictimai-siyasi xadimlərlə bağlı müxtəlif təəsüratları var, onların yeni nəşrləri haqqında dövri mətbuatda, həmçinin “Səs” qəzetində çıxışlar edib. Düşünürəm ki, bu gün artıq hər bir yazıçı, jurnalist qalib bir dövlətin yazarı kimi çıxış etməlidir. Bütün dövrlərdə şairlər, yazıçılar, yaradıcı adamların hər biri öz qələmini vaxtında, lazımi anda süngüyə çevirməyi bacarmalıdır. Hesab edirəm ki, Nurəddin müəllim məhz belə yazarlardandır. Xoşbəxtəm ki, belə bir insanı tanımışam, onun yaradıcılığı ilə tanışam. O, Vətən müharibəsindən sonra qalib xalqın nümayəndəsi, yazıçısı kimi öz yaradıcılığında bu məqamlara xüsusi önəm verib. Ona görə sizə minnətdarlığımı bildirirəm.”
Əməkdar müəllim Eyyub Şirvanlı çıxışında Nurəddin müəllimi çoxdan tanıdığını, onun uzaqgörən insan, çoxşaxəli yaradıcılığa malik bir yazar olduğunu vurğulayıb: “Maraqlı insan olduğu üçün onun dostları da çoxdur. O, təkcə Masallının deyil, bütün türk dünyasının yazıçısıdır.”
Yazıçı-publisist Əli bəy Azəri çıxışında Nurəddin müəllimin 32 kitabın müəllifi olduğunu qeyd edib: “Müəllifin yaratdığı obrazlar dolğun və mübarizdir, həmçinin klassikaya bağlı insandır. Onun yaradıcılığı dilin üslub xüsusiyyətlərinə uyğundur.”
“Ədəbiyyat” qəzetinin baş redaktor müavini Adil Cəmil çıxışında Nurəddin müəllimin yaradıcılığından danışaraq onun reallığa söykənən povestlərinin çoxluq təşkil etdiyini, maraqlı esselərin, müsahibələrin, zarisovkaların müəllifi olduğunu qeyd edib.
Tanınmış rejissor və qiraətçi Elçin Cahangirov belə bir tədbirdə olmaqdan məmnun olduğunu, müəllifin gördüyü işlərin bir sənət toplusu olduğunu vurğulayıb.
Çıxış edən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova Nurəddin müəllimin həm peşəkar fəaliyyəti, həm də vətənpərvərliyi ilə tanınan bir yazıçı olduğunu bildirib: “Müəllifi ad günü münasibəti ilə ürəkdən təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.”
Folklor İnstitunun əməkdaşı Mahir Cavadlı söyləyib ki, Nurəddin müəllim çağdaş ədəbiyyatımızın ən yaxşı yazıçılarından biridir, söz sənətini bilən, vətənpərvər insandır: “Onun yaradıcılığında şəhidlərlə bağlı yazılar da xüsusi qeyd edilməlidir. Uğurlar arzulayıram.”
Çıxış edən QHT sədri Gülayə Səfərli Nurəddin müəllimin vətənpərvərlik mövzusunda yazıları ilə gəncləri məlumatlandırdığını, həm istedadlı yazıçı, həm də sədaqətli insan olduğunu vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru Əzizağa Cəfərov gəncləri Nurəddin müəllimin oçerklərindən, esselərindən və romanlarından bəhrələnməyə çağırıb.
Tədbirdə həmçinin Sumqayıt Dövlət Universitetinin dosenti Xanəhməd Həsənov, şair, tərcüməçi Vaqif Rəsuloğlu və digərləri çıxış edərək müəllifin yaradıcılığı, vətənpərvərliyi haqqında geniş danışıblar, onu təbrik edərək uğurlar arzulayıblar.
İştirakçılara və kitabların ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən N.Ədiloğlu hekayələrinin oxuyanlarda müəyyən təəssürat yaradacağına ümidvar olduğunu bildirib.