Fransa Moskva vilayətindəki “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Yelisey sarayında təşkil edilmiş Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasından sonra ölkədə terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.
Senzor.az bildirir ki, Fransanın Baş naziri Qabriel Attalın sosial şəbəkədəki paylaşımında belə deyilir.
“Moskvada baş vermiş terror aktından sonra Fransa prezidenti bu gün axşam Yelisey sarayında Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasını çağırıb. “İslam Dövləti” (İŞİD – red.) məsuliyyəti öz üzərinə götürdüyünə və ölkəmizin üzləşdiyi təhdidlərə görə “Vigipirate” [terrorla mübarizə planının] səviyyəsini ən yüksək – “təxirəsalınmaz hücum təhlükəsi” səviyyəsinə qaldırmaq qərarına gəldik”, – deyə siyasətçi vurğulayıb.