Emmanuel Makronun planlarında sülhün və stabilliyin bərqərar olduğu Cənubi Qafqaz yoxdur. Fransa bölgəmizi bitmək bilməyən münaqişələr, qarşıdurmalar və gərginlik məkanı kimi görmək istəyir. Əfsuslar olsun ki, Fransa bu istəklərində, planlarında və niyyətlərində tək deyil.
Belədirsə, nə etməliyik? Aprelin 5-də Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ-ın dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Nikol Paşinyan aprelin 5-də Brüsseldə keçiriləcək görüşlə bağlı hakim partiyanın deputatları arasında böyük ümidlər yaradıb və bunun Ermənistanın və onların hökumətinin xilası üçün kosmik əhəmiyyət daşıyan müstəsna hadisə olacağını deyib.
İrəvanda çıxan "Hraparak" qəzetinin yazdığına görə, Ermənistanda iqtidarda olan "Mülki Müqavilə" partiyasının üzvləri nəfəslərini kəsib bunu gözləyirlər. Bu, son nəticədə Ermənistanın hara gedəcəyini müəyyən edir. Əgər Qərb “dəstəkləyici” bəyanatlarla yanaşı, əməli addımlar atsa və Ermənistana külli miqdarda vəsait ayırsa, bunun sayəsində Rusiya iqtisadiyyatından ayrılmaq mümkün olarsa, Ermənistan hakimiyyəti təhlükəsizlik vektorunu Rusiyadan Qərbə dəyişməkdən çəkinməyəcək: "Söhbət bir neçə milyondan yox, bir neçə milyard dollardan gedir”.
... Qərbin bölgəmizlə bağlı mövqelərində aşkar dualizm və ikili yanaşma var.
Bir tərəfdən ABŞ, Fransa və Avropa İttifaqı problemlərin, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı müşküllərin beynəlxalq hüquq çərçivəsinldə həllini mütləq saydıqlarını deyir - digər tərəfdən özləri beynəlxalq hüququn prinsiplərini və normalarını saymazdan gəlirlər.
Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində rəsmi Bakının məhz beynəlxalq hüquq normalarına əsaslanan tələblərini Ermənistan rədd edirdisə, Qərb nəzərə almırdı.
Hüquqdan və məntiqdən, habelə siyasi əxlaqdan tam kənar olaraq Qərb sözdə münaqişənin dinc danışıqlar vasitəsilə nizamlanmasına tərəfdar olduğunu deyir, əməldə isə işğalçı Ermənistana tam dəstək verirdi.
Həmin proses indi də davam edir.
Qərbin hələ də nəzərə almaq istəmədiyi əsas nüanslardan biri Ermənistanın hakimiyyət dairələrinin iqtidardakı şəxsdən və qüvvədən asılı olmayaraq qarşılıqlı anlaşmanı danışıqlar prosesində əsla qəbul etməyərək, prinsipial şəkildə aqressiyaya, güc tətbiqi, revanşizm və ərazi iddiaları ritorikasına sadiq qalmasıdır.
Cənubi Qafqazın mövcud siyasi landşaftını anlamaq üçün bəhs etdiyimiz nüansın Qərb tərəfindən dərk edilməsi yaxın perspektivdə yetərli sayıla bilərdi.
Lakin olmur - Qərb əvvəlki taktiki gedişlərini yeniləri ilə əvəzləsə də, strategiya dəyişməz qalıb.
Brüsseldə aprelin 5-də keçiriləcək konfrans və ABŞ- Avropa İttifaqı-Ermənistan üçbucağı çərçivəsində ermənilərə hansısa təhlükəsizlik təminatının verilməsini nəzərdə tutan anlaşmanın imzalanmasını rəsmi İrəvanla Qərb mediası iki il əvvəl Fransanın, Almaniyanın və Britaniyanın Ukrayna ilə imzaladığı təhlükəsizlik təminatı sazişinə bərabər tuturlar.
Bu isə yumşaq desək, yalandır və çox bərbad propaqandadır.
Çünki Ukraynadan fərqli olaraq, Ermənistanın təhlükəsizliyi uğrunda heç bir Qərb dövləti on milyardlarla dollarlıq vəsaitdən keçməyəcək, Ermənistana minlərlə hərbi təlimatçılar və könüllülər yollamayacaq.
Bunun müqabilində ABŞ, Fransa və Avropa İttifaqı Ermənistana siyasi, iqtisadi, maliyyə və ən əsası, hərbi-texniki yardımlar vəd edir.
Birləşmiş Ştatların və Avropa İttifaqının hansısa formatda Ermənistanla hərbi pakt imzalaması, yaxud hərbi-siyasi blok yaratmaları illüziyadır. Ermənistan siyasətçilərinin, baş nazir Nikol Paşinyan administrasiyasının və erməni diasporunun xəyallarında bu məqam ciddi yer alsa da, Vaşinqton və Brüssel üçün İrəvan geostrateji vahid qismində həddən ziyadə önəmli deyil.
Təbii, Qərb ermənilərdən daim istifadə edib və indi də Cənubi Qafqazla bağlı ssenarilərində Ermənistana əlverişli mexanizm qismində yer ayırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan bunu bilir və anlayır. Sadəcə, İkinci Qarabağ Müharibəsində tam kapitulyasiyaya uğramış İrəvan sülh danışıqlarındakı mövqelərini möhkəmlətmək üçün bütün vasitələrə əl atır, həmçinin, ordusunu sürətlə silahlandırmaq vasitəsilə proseslərə müəyyən təsir imkanlarına yiyələnməyə çalışır.
Daha konkret olsaq, Paşinyanın başlıca məqsədi rəsmi Bakıda kiçik də olsa, narahatlıq və təlaş yarada biləcək hərbi potensiala yiyələnərək sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlarda yerini möhkəmlətməkdir.
Fransanın və ümumiyyətlə, Qərbin yardımları ilə Ermənistan ordusunun qalıqlarının sürətlə silahlandırıla biləcəyi, bunun da sonradan Azərbaycana «gərəkli təsir effekti» yaradaacağı ilə bağlı absurd fikri Paşinyanın şüuruna kim təlqin edib - hələ də bilinmir.
Sadə həqiqət budur ki, Ermənistanın silahlı qüvvələrinin normal ordu vəziyyətinə çatdırılması və bu minvalla Cənubi Qafqazdakı mövcud hərbi balansı dəyişdirmək rıçaqlarına yiyylənmək üçün İrəvana minimum 10 il gərəkdir.
Bu, hadisələrin ermənilər üçün ən münasib və rahat inkişaf variantıdır.
Ermənistanı total dəstəklədiyini bəyan edən və xarici siyasətində erməni vektoruna əlahiddə yer ayırdığını fasiləsiz vurğulayan Fransa ilə yanaşı, Birləşmiş Ştatlar və Brüssel də N.Paşinyana verdikləri vədlərin tam əksəriyyətinin irreal olduğunun fərqindədirlər.
Onların məqsədi Qərbin vədlərindən cuşa gələrək az qala ekstaz vəziyyətinə düşərək xəyallara qapılan Ermənistan rəhbərliyini avantürist addımlara, düşünülməmiş qərarlara vadar etməkdir.
Beləliklə, ABŞ, Fransa və Avropa İttifaqı vasitə qismində istifadə etdikləri Ermənistan vasitəsilə Cənubi Qafqazdakı proseslərin məcrasını dəyişməyə, gərginliyi artırmağa və strateji mənafelərini təmin etməyə hazırlaşırlar.
Təbii ki, Ermənistanın maraqlarını, dövlət mənafeyini, vətəndaşlarının gələcəyini düşünmədən hazırlanmış ssenarilərdə qonşu ölkənin perpsektivləri heç yxaşı görünmür.
Nikol Paşinyan cəlb olunduğu məkrli oyunun fəsadları ilə qarşılaşacaq.
Amma dəfələrlə dediyimiz kimi, onda gec olacaq.
Çox gec…
Elçin ALIOĞLU (Trend)