ABŞ Ədliyyə Nazirliyi Prezident Donald Tramp və onun tərəfdarlarına qarşı aparılan istintaqlar üzrə çalışan onlarla istintaqçı və prokuroru işdən azad edib.
Bu barədə "CBS News" məlumat yayıb.
Bildirilib ki, işdən çıxarılan əməkdaşlar Trampın gizli sənədləri qanunsuz şəkildə saxlaması və 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etməyə cəhdləri ilə bağlı işlər üzərində çalışıblar.
Ədliyyə Nazirliyindən azı 35 nəfər işdən çıxarılıb, daha 15 nəfərin də vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
İşdən çıxarılanlar arasında hüquq məsləhətçilərinin köməkçiləri, maliyyə və texniki heyət, eləcə də Şimali Karolina və Floridada çalışan iki federal prokuror olub.
İşdən çıxarılanlardan biri – Federal Təhqiqat Bürosunda (FBI) ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsini tutan Petti Hartman CBS-ə açıqlamasında bildirib ki, bu təzyiqlər davam edəcək.