
Vaşinqtonla Tehran arasında təmaslar davam edir, lakin İran tərəfi danışıqlara qayıtmasa, Ağ Evin İslam Respublikasına zərbələri davam etdirəcək.
Senzor.az bildirir ki, ABŞ Prezidenti Donald Tramp bunu “Fox News”a müsahibəsində deyib.
Tramp ABŞ nümayəndələrinin iyulun 14-də İran tərəfi ilə təmasda olduğunu bildirib: "Onlar sövdələşmə bağlamaq istəyirlər. Lakin hər dəfə sövdələşməni pozurlar".
Onun sözlərinə görə, əgər Tehran danışıqları bərpa etməyə razılaşmasa, Amerika hərbçiləri İran ərazisinə zərbələr endirməyi davam etdirəcəklər, gələcəkdə isə enerji infrastrukturu, körpülər və elektrik stansiyaları da hücumlara məruz qala bilər.
Tramp həmçinin bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatın əsas məqsədlərinə, o cümlədən ölkənin hərbi potensialının zəiflədilməsinə və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə artıq nail olub.
Bununla yanaşı o, İran obyektlərinə qarşı gələcək addımları istisna etmədiyini vurğulayıb, lakin quru əməliyyatının keçirilməsi və ya Xarq adasının ələ keçirilməsi imkanını şərh etməkdən imtina edib. ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton Hörmüz boğazından yan keçməklə neft tədarükü üçün alternativ marşrutları da nəzərdən keçirir.