
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad azadlığa buraxılıblar.
Oxu.az-ın əldə etdiyi məlumata görə, onlar cəza müddətləri başa çatdığı üçün bu gün Bakı İstintaq Təcridxanasından azad edilərək, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil veriliblər.
Xatırladaq ki, ötən il avqustun 17-də üç əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə Səbail Rayon Məhkəməsinin hökmünü dəyişdirərək, təqsirləndirilən əcnəbilərin cəzasını 2 ildən 6 aya endirib.
Bununla da həmin əcnəbilərin cəza müddəti başa çatıb.