İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

 

Senzor.az bildirir ki, mətndə deyilir:

 

"Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz verib. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat edib.

 

Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərib.

 

Rasim Balayev 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasının aktyoru olub, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutub, 2022-ci ildə isə İttifaqın sədri seçilib.

 

"Azərbaycanfilm" kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapıb. Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanıb.

 

Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilib və diqqət mərkəzində dayanıb.

 

Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olub. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.

 

Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda ekranlaşdırılmış filmlərdə də yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirib.

 

Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

 

Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilib. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif edilib.

 

Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

 

Allah rəhmət eləsin!

 

İlham Əliyev

 

Mehriban Əliyeva

 

Əli Əsədov

 

Sahibə Qafarova

 

Samir Nuriyev

 

Eldar Əzizov

 

Fərəh Əliyeva

 

Adil Kərimli

 

Polad Bülbüloğlu

 

Anar Rzayev

 

Hacı İsmayılov

 

Şəfiqə Məmmədova

 

Oqtay Mirqasımov

 

Fəxrəddin Manafov”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.