
ABŞ və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşma Livana şamil edilmir.
Senzor.az bildirir ki, ABŞ Prezidenti Donald Trampın zərbələrin dayandırılmasını elan etməsindən bir neçə saat sonra İsrail hökuməti dəftərxanasının yaydığı bəyanatda belə deyilir.
Bəyanata əsasən, Təl-Əviv Tehranın dərhal boğazları açması, ABŞ, İsrail və region dövlətlərinə qarşı hücumları dayandırması şərti ilə Vaşinqtonun İrana endirilən zərbələri iki həftə müddətinə dayandırmaq qərarını alqışlayır.
Sənəddə həmçinin qeyd olunur ki, İsrail Ağ Evin İranın bir daha ABŞ, İsrail, İranın ərəb qonşuları və bütün dünya üçün nüvə, raket və terror təhlükəsi yaratmamasına yönəlmiş səylərini dəstəkləyir.
Bununla yanaşı, Netanyahunun dəftərxanasından vurğulanıb ki, Amerika tərəfi qarşıdan gələn danışıqlar zamanı bu məqsədlərə nail olmaq niyyəti barədə İsraili məlumatlandırıb.
İki həftəlik atəşkəs rejiminin Livan ərazisini əhatə etmədiyi ayrıca qeyd edilib.