FAŞİZM ÜZƏRİNDƏ TARİXİ QƏLƏBƏDƏN 81 İL ÖTÜR
VİDEO

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir.

 

Senzor.az xatırladır ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

 

İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı da mühüm töhfələr verib. Müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. 

 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

 

Faşizm üzərində qələbədə Bakı nefti də həlledici amillərdən biri olub. Müharibə dövründə SSRİ-də hasil olunan neftin böyük hissəsi Azərbaycanın payına düşüb. 1941-ci ildə respublikada 23,5 milyon ton neft hasil olunub ki, bu da ümumi ittifaq istehsalının 70 faizdən çoxunu təşkil edib. Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində cəbhə yanacaqla fasiləsiz təmin edilib. Həmin dövrdə istifadə olunan hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

 

Müharibə illərində Bakı yalnız sənaye və yanacaq mərkəzi deyil, həm də mühüm arxa cəbhə şəhəri olub. Burada minlərlə yaralı əsgər müalicə edilib, müxtəlif bölgələrdən təxliyə olunan insanlar və müəssisələr yerləşdirilib. Eyni zamanda, müttəfiqlərin Sovet İttifaqına göndərdiyi hərbi texnika, silah-sursat və digər yüklərin mühüm hissəsi lend-liz proqramı çərçivəsində Azərbaycan üzərindən daşınıb.

 

Azərbaycan alimləri də müharibə dövründə cəbhə üçün mühüm layihələr həyata keçiriblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli aviasiya benzininin istehsalı texnologiyası hazırlanıb.

 

Qeyd edək ki, 9 May Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. İkinci Dünya müharibəsi isə bəşəriyyət tarixinin ən faciəli hadisələrindən biri hesab edilir - müharibə nəticəsində 60 milyona yaxın insan həyatını itirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.