
“Hazırda vəziyyətim yaxşıdır. Ailəmə demək istəyirəm ki, hər şey qaydasındadır”.
Bunu APA-ya Azov dənizində dronun vurduğu gəminin Azərbaycan vətəndaşı olan bosmanı Rəşad Mədətxanov deyib.
Xəsarət alan digər həmyerlimiz Samid İbadlı onlara göstərilən xidmətin yüksək səviyyədə olduğunu bildirib: “Bizə yaxşı xidmət edirlər. Burada yaşayan azərbaycanlılar da bizə baş çəkirlər”.
Emin Valehov isə yaralı olsa da, özünü yaxşı hiss etdiyini bildirib: “Həmvətənlilərimiz bizi tək qoymur, maraqlanır, baş çəkirlər. Göstərilən xidmət də yaxşıdır”.
Digər yaralı Namiq Cəfərli də onlara olan diqqətə görə Azərbaycan dövlətinə, səfirliyə, diaspora təşəkkürlərini çatdırıb.
Senzor.az Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib. Yenilənmiş məlumata əsasən, ümumilikdə, 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin olaraq vəfat etdiyi elan olunmuş digər bir şəxsin isə Azərbaycan vətəndaşı və azərbaycanəsilli deyil, Rusiya vətəndaşı olduğu müəyyənləşib.
Bildirilib ki, həlak olmuş vətəndaşlarımız - 1976-cı il təvəllüdlü Rəcəb Əhədovun və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb və cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. Qeyd edək ki, həlak olduğu bildirilən digər iki vətəndaşımızın heyətində olduqları “Zirkon” gəmisi partlayış təhlükəsi olduğuna görə vurulduğu yerdə saxlanılıb. Rusiyanın xilasedici qrupları tərəfindən gəminin limana gətirilməsi üçün təhlükəsizlik tədbirləri görülür. Həmin iki vətəndaşın aqibəti barədə yalnız axtarış tədbirləri yekunlaşandan sonra dəqiq məlumat vermək mümkün olacaq.
Yeysk şəhər xəstəxanasına yerləşdirilmiş yaralılar - 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyətləri yaxşıdır və onlar müalicələrini tamamladıqdan sonra xəstəxanadan buraxılacaqlar.
“Rusiyadakı səfirliyimizin əməkdaşları ərazidədir və vətəndaşlarımıza zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeysk şəhərində mehmanxanada yerləşdirilib və ailələri ilə təmasdadırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itmiş vətəndaşlarımız müvafiq qayıdış şəhadətnamələri ilə təmin olunublar.
Həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk”, - deyə XİN-dən bildirilib.