
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə xuliqanlıq və dələduzluqda ittiham olunan keçmiş müstəntiq, hüquq müdafiəçisi Rüfət Səfərova hökm oxunub.
Senzor.az bildirir ki, o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Yeri gəlmişkən, dövlət ittihamçısı Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. İttihama görə, o, Novxanıda bağ satmaq qarşılığında zərərçəkən kimi tanınan Natiq İmanquliyevdən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə də N.İmanquliyev onun qarajına gələrək R.Səfərovla mübahisə edib və nəticədə yaralanıb.
Binəqədi Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, R. Səfərov daha əvvəl də məhkumluq həyatı yaşayıb.