
“Mən nə Rusiyanın, nə də başqa bir ölkənin adamıyam”.
Senzor.az bildirir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bunu "TV Prva" telekanalına müsahibəsində deyib.
"Belə təzyiqlərin həmişə olacağını başa düşəndə, sənə hər yolla təsir göstərəcəklərini anlayanda deyirsən ki, bu yola özün çıxmısan, xalqın etimadını qazanmaq istəmisən, qazanmısan, indi davam et və mübarizə apar", - Vuçiç bildirib.
O qeyd edib ki, gələcəkdə az adam prezident seçkilərində iki dəfə təxminən 60 faiz səslə qalib gələ biləcək.
Vuçiç vurğulayıb ki, onun prezidentliyi dövründə Serbiyada çox şey dəyişib.
"Əgər biz ölkədə fabriklər və məşğulluq sahəsində dəyişikliklər etməsəydik, bu gənclərin də, sizin də maaşınız olmazdı", – Vuçiç deyib. 
O bildirib ki, Prezident olduğu son doqquz ildə və bundan əvvəl Baş nazir kimi fəaliyyət göstərdiyi dövrdə Serbiya böyük inkişaf yolu keçib.
Prezident postunu tərk etməyə hazırlaşarkən hansı hissləri keçirdiyi barədə suala cavab olaraq Vuçiç Serbiyanın gələcəyi ilə bağlı həm narahatlıq, həm də ümidlərinin olduğunu deyib.
Serbiya Prezidenti iyunun 27-də Belqradın mərkəzində, Milli Assambleyanın qarşısındakı meydanda keçiriləcək Serbiya Tərəqqi Partiyasının (Srpska napredna stranka – SNS) toplantısında qarşıdakı seçkilərə hansı koalisiya ilə qatılacağını açıqlayacaqlarını bildirib.
Vuçiç eyni zamanda partiyanın namizədləri, proqramı və Serbiyanın gələcəyi ilə bağlı planları bölüşəcəyini diqqətə çatdırıb: "Həmin vaxt şüarlarımızı da biləcəyik, hansı platforma ilə seçkiyə getdiyimizi, plan və proqramımızın nə olduğunu da...".
Prezident sonda əlavə edib ki, dövlət qərarları barədə isə iyunun 28-də danışacaq.