
“Dünən Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyəti parlamentin sədri Alen Simonyana ikinci dəfə ağır siyasi şillə vurdu, bu dəfə onun spiker postuna namizədliyi rədd edildi”.
Bu barədə “Joqovurd” yazıb.
Nəşr bildirib ki, Simonyan ilk zərbəni partiyanın seçkiqabağı siyahısında ilk onluğa daxil olmayanda almışdı: “Bu qərar artıq hakim komandada ona qarşı formalaşmış münasibətə işarə edirdi. Dünən bu münasibət siyasi qərara çevrildi: partiyanın İdarə Heyəti üzvlərinin əksəriyyəti gizli səsvermə yolu ilə Ruben Rubinyanı Milli Məclisin sədri vəzifəsinə namizəd seçərək, Alen Simonyanı rədd etdi. Sonuncu 20 səsdən yalnız 5-ni ala bilib.
Hökumət mənbələrindən əldə etdiyimiz məlumata görə, İdarə Heyətinin iclasından sonra Simonyan ruhdan düşmüş vəziyyətdə evə qayıdıb, yaxın ətrafına aldadıldığını deyib. Səsvermədən əvvəl Nikol Paşinyanla görüşərək, namizədliyini irəli sürmək üçün onun razılığını alıb, bundan sonra əmin olub ki, bu razılıq həm də seçilmək üçün siyasi zəmanətdir. Amma dünən səhər səsvermənin açıq yox, qapalı olacağı bildirildikdə Simonyan başa düşüb ki, o, hakim komandanın üstünlük verdiyi namizəd deyil. Nəticədə, Ruben Rubinyan böyük üstünlüklə seçilib”.
“Joqovurd”un yazdığına görə, Alen Simonyanın bu postdan uzaqlaşdırılması hakim komanda daxilində gərginlik və parçalanma yaratması ilə əlaqəlidir: “Həmçinin Alen Simonyanın komanda yoldaşları ictimaiyyətə artıq onun üçün prezident və ya İrəvan meri vəzifələrinin hazırlandığı barədə fərziyyələri təqdim etməyə çalışsalar da, hazırda bu ssenarilərin heç bir siyasi-hüquqi əsası yoxdur.
Prezident Vaaqn Xaçaturyanın səlahiyyət müddəti 2027-ci ildə başa çatır. Bundan əlavə, prezident seçilmək üçün Milli Məclisin ümumi deputatlarının ən azı dörddə üçünün dəstəyi lazımdır. “Vətəndaş Müqaviləsi” seçkilər nəticəsində parlamentə düşə bilməyən “Çiçəklənən Ermənistan” Partiyasının səslərini alsa belə, parlamentdə belə çoxluğa malik olmayacaq.
Eyni şey İrəvan meri vəzifəsinə də aiddir. Növbəti mer seçkiləri 2028-ci ilə planlaşdırılıb. Başqa sözlə, hər iki vəzifə üçün şansı olsa belə, Alen Simonyan buna görə uzun müddət gözləməli olacaq”.(“Teleqraf”)