
Livan Prezidenti Cozef Aun Vaşinqtonda İsraillə imzalanan çərçivə sazişini alqışlayaraq, bunu hərbi əməliyyatların tam dayandırılması və ölkənin cənub bölgələri üzərində suverenliyinin bərpası istiqamətində atılan ilk addım kimi qiymətləndirib.
Senzor.az-ın məlumatına görə, Livan Prezidenti İsraillə ikitərəfli danışıqların beşinci raundunun yekununda əldə olunan sənədi şərh edərkən bildirib ki, bu saziş Livan xalqına heç bir güzəştə getmədən tam azad edilmiş torpaqlarına qayıtmaq imkanı yaradır və müharibədən sonrakı bərpa prosesinə başlamağa şərait yaradacaq.
Cozef Aun danışıqların təşkili və keçirilməsi istiqamətində göstərdiyi səylərə, eləcə də Livanın mövqeyinə verdiyi dəstəyə görə ABŞ Administrasiyasına və Prezident Donald Trampa təşəkkürünü bildirib.
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda İsrailin səfiri Yexiel Leyter və Livanın səfiri Nada Həmmadə-Muavvad ilə birgə çıxışı zamanı tərəflər arasında beş raund danışıqlardan sonra çərçivə sazişinin əldə olunduğunu elan edib. Onların sözlərinə görə, bu sənəd İsrail ilə “Hizbullah” arasında baş vermiş münaqişədən sonra sülhə aparan yolun əsasını qoyur.
“Hizbullah” hərəkatının nümayəndəsi və parlament üzvü Həsən Fədlallah isə İsrail və Livan arasında Vaşinqtonda imzalanan sazişi tənqid edərək, bunun ölkənin maraqlarına zərər verdiyini bildirib.
O, Livan hakimiyyətinin hərəkətlərini "birtərəfli və əsassız güzəştlər" kimi qiymətləndirib: "Bu, Livanı zəiflədir və İsrailin maraqlarına xidmət edir. Razılaşma ölkə daxilində təhlükəli parçalanmalara səbəb ola bilər".