ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin deyib ki, ABŞ Cənubi Koreyanı müdafiə etmək üçün adi və nüvə silahlarından istifadə edə bilər.
Ostin bunu Cənubi Koreyanın milli müdafiə naziri Li Conq Sopla birgə mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, Cənubi Koreyanı qorumaq öhdəliyi sarsılmaz olaraq qalır.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar adi və nüvə silahları daxil olmaqla bütün hərbi imkanlarının tam spektrindən istifadəni nəzərdə tutan genişləndirilmiş çəkindirmə öhdəliyinə sadiqdir.
ABŞ müdafiə naziri qeyd edib ki, ötən il Koreya Xalq Demokratik Respublikası misli görünməmiş sayda təxribatlar törədib. Ostin bildirib ki, ABŞ və Cənubi Koreya regionda sabitliyi pozan bu təhlükəli hərəkətləri pisləyir.(AzVision.az)