
Azərbaycan Respublikasının növbəti İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin adları açıqlanıb.
Senzor.az bildirir ki, sözügedən məsələ parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirərəyə çıxarılacaq.
Namizədlər hazırkı ombudsman Səbinə Əliyeva, hüquqşünas alim, professor, hüquq elmləri doktoru və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.
Qeyd edək ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Bu proses Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) səlahiyyət müddəti 7 ildir. Hazırkı Ombudsman Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən seçilib.
Məlumat üçün onu da bildirək ki, eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Müvəkkilin səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış Prezident yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini Milli Məclisə təqdim edir. Parlament 15 gün müddətində yeni ombudsmanın seçilməsi ilə bağlı qərar qəbul edir.
Ombudsman siyasi fəaliyyətlə məşğul ola və hər hansı siyasi partiyanın üzvü ola bilməz. Həmçinin, o, qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Vəzifəyə seçildiyi gündən beş iş günü ərzində statusuna uyğun olmayan fəaliyyətini dayandırmalıdır. Ombudsman seçildiyi gün Milli Məclisin iclasında Konstitusiyaya və qanunlara əməl edəcəyinə, səlahiyyətlərini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə dair and içir.