
Suriya Prezidenti Əhməd Əl Şaraa İsraili ölkənin cənub bölgələrindəki müdaxilələrə və sabitliyi pozmaq cəhdlərinə görə qınayıb.
Bu barədə “Al-Ikhbariya” məlumat yayıb.
“İsrailin hərbi əməliyyatları Suriyanın ərazi birliyini məhv etməyə, xaos yaratmağa və Suriya xalqının bərpa və dirçəliş yolunda inkişaf qabiliyyətini zəiflətməyə yönəlib. Suriya artıq xarici sui-qəsdlər və onların ambisiyalarının reallaşması üçün meydan olmayacaq”, - dövlət başçısı vurğulayıb.
“Teleqraf” xatırladır ki, Əhməd Şaraanın bəyanatı İsrail ordusunun iyunun 29-da Dəra əyalətinin Abdin, Cəmla və Əl-Muğra kəndlərinə hücum etməsindən sonra verilib. Yerli KİV-in məlumatına görə, həmin kəndlərin sakinləri onların ərazisində nəzarət məntəqələri quran İsrail qüvvələrinə müqavimət göstəriblər. Suriya Müdafiə Nazirliyi atəş nəticəsində bir neçə nəfərin yaralandığı və maddi ziyanın olduğu barədə məlumat yayıb.