Türkiyə Ordusu ilk dəfə olaraq kiçik ölçülü pilotsuz uçuş aparatları (mini və mikro PUA-lar) ilə mübarizə üçün “Şahin” (ŞAHİN 40 mm) mübarizə sistemləri alıb.
Yerli KİV-in yazdığına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir məlumat verib.
Sistem Türkiyə müdafiə sənayesinin flaqmanı - ASELSAN konserni tərəfindən hazırlanıb.
İdarə rəhbəri qeyd edib ki, kompleksin daşınması, yerləşdirilməsi və quraşdırılması asandır. Sistem yedəkli qoşquda yerləşir və modul dizayna malikdir.
Onun sözlərinə görə, “Şahin” sistemləri xüsusilə mühüm obyektlərin, dövlət sərhədinin mühafizəsində, eləcə də hava hücumundan müdafiə sahəsində uğurla istifadə oluna bilər.
Bundan əlavə, kompleks hədəfə münasibətdə ballistik hesablama funksiyasına malikdir. O, həmçinin hədəfi, radardan ötürülən mövqeyə diqqət yetirərək izləyə bilir.