Türkiyə Prezidenti Tayyib Ərdoğan Astana prosesinin Suriya ilə bağlı təminatçı ölkələrinin sammitinin keçiriləcəyi İrana səfər edib.
Senzor.az bildirir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, sabah İran Prezidenti İbrahim Rəisi Tehranın Saadabad Mədəniyyət Kompleksində Türkiyə Prezidentini rəsmi qarşılayacaq.
Bundan başqa, sabah Ərdoğan və Rəisi İran-Türkiyə Ali Əməkdaşlıq Şurasının yeddinci iclasında iştirak edəcəklər. İran-Türkiyə münasibətlərinin geniş spektrinin müzakirəsi planlaşdırılır. Tərəflər, həmçinin iki ölkə arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər.
Türkiyə Prezidenti Astananın Suriya nizamlanmasına yardım prosesinin təminatçısı olan dövlət başçılarının üçtərəfli görüşündə də iştirak edəcək.
Astana prosesinin təminatçı ölkələrinin (Rusiya, İran, Türkiyə) sammiti iyulun 19-da Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə keçiriləcək. Rusiya Prezidenti Vladimir Putin Tehrana çərşənbə axşamı gələcək.
Xatırladaq ki, Astanada münaqişə tərəflərinin və İran, Rusiya və Türkiyə nümayəndələrinin ilkin görüşlərindən sonra Suriya böhranının aradan qaldırılması və siyasi həlli məqsədilə Astana prosesinin təminatçı ölkələri başçılarının ilk görüşü 22 noyabr 2016-cı ildə İran, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə Soçidə keçirilib.
Senzor.az