Kosova hakimiyyəti ölkənin şimalında serb əhalisi ilə münaqişəyə səbəb olan icazə sənədlərinə qadağa qoyulması prosedurunu sentyabrın 1-dək təxirə salıb.
Bu barədə Kosova hökumətinin bəyanatında deyilir.
"Kosova hökuməti bu gün ölkənin şimalında yolların bağlanmasını və orada silahlı şəxslərin polisə atəş açmasını qətiyyətlə pisləyir. Söhbət Kosovanın sabitliyini pozmaq, vətəndaşların və ölkəmizin sülh və təhlükəsizliyinə təhlükə yaratmaq meyillərindən gedir”, - bəyanatda bildirilir.
Priştina iğtişaşların təşkilinə görə rəsmi Belqradı ittiham edib.
Qeyd olunur ki, bu hadisələrə görə qismən tanınan ölkənin hakimiyyət orqanları amerikalı və avropalı tərəfdaşlarla əlaqə saxlayaraq, görüşüblər.
"Kosova hökuməti iki qərarın icrasını 2022-ci il sentyabrın 1-dək bütün barrikadaların aradan qaldırılacağı və Kosovonun şimalında tam azadlığın bərqərar olacağı tarixədək təxirə salmağa sadiqdir. Biz beynəlxalq tərəfdaşlara, xüsusilə ABŞ səfirinə töhfələrinə görə minnətdarıq”, - məlumatda deyilir.
“Report” xatırladır ki, daha əvvəl Kosova hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar gərginliyin yenidən artmasına səbəb olub.
Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunurdu. Bildirilirdi ki, ölkəyə daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək.
Lakin ölkədə yaşayan serblər qaydalara etiraz əlaməti olaraq şimalda Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıb, barrikadalar qurublar. Kosova polisi isə “Brnyak” və “Yarinye” sərhəd-keçid məntəqələrini bağlayıb.
Yerli KİV bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alanın olmadığını yazıb.