ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taybeyə enib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Taybeyin Sunşan hava limanında ABŞ Konqresi Nümayəndələr Palatasının sədrini qarşılama mərasimi keçirilib.
82 yaşlı siyasətçini Tayvan rəsmiləri qarşılayıblar.
Çin Xarici İşlər Nazirliyi Nensi Pelosinin Tayvan adasına səfəri ilə bağlı ABŞ-a xəbərdarlıq edib.
Nazirliyin rəsmisi Çjao Litszyanın sözlərinə görə, Çin Pelosinin səfərinə cavab olaraq suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün tədbirləri görəcək: “Çin Xarici İşlər Nazirliyi qəti şəkildə Pelosinin Tayvana səfərinə qarşı çıxır və onu pisləyir. ABŞ və Tayvan boğazda status-kvonu dəyişdirmək üçün çox təhlükəli oyun oynayırlar. Onun Tayvana səfəri Çinin daxili işlərinə kobud müdaxilə, ÇXR-in suverenliyi və ərazi bütövlüyünün, vahid Çin prinsipinin ciddi şəkildə pozulması, eyni zamanda Tayvan boğazı bölgəsində sülh və sabitliyə əhəmiyyətli təhlükədir. Pelosinin Tayvana səfəri regionda sülh və sabitliyi pozur, separatçı qüvvələrə yanlış siqnallar verir. Çin tərəfi bir daha ABŞ tərəfini xəbərdar edir ki, ÇXR yüksək hazırlıq vəziyyətindədir, Çin Xalq Azadlıq Ordusu heç bir halda buna biganə qalmayacaq və ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mütləq güclü və təsirli cavab tədbirləri görəcək”.
Artıq Tayvanda olan Nensi Pelosi isə “Tvitter”də yazıb ki, Konqresin nümayəndə heyətinin Tayvana səfəri ABŞ-ın dinamik inkişaf edən Tayvan demokratiyasını dəstəkləmək üzrə sarsılmaz öhdəliyinə hörmətlə yanaşdığını göstərir.
“Bura ziyarətimiz Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla Hind-Sakit Okean hövzəsinə səfərimizin bir hissəsidir - əsas diqqət qarşılıqlı təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və demokratik idarəçilikdir. Tayvan rəhbərliyi ilə müzakirələrimiz tərəfdaşımıza dəstəyimizi bir daha təsdiqləmək və azad və açıq Hind-Sakit Okean regionunu inkişaf etdirmək də daxil olmaqla, ortaq maraqlarımızı təşviq etmək üzərində qurulacaq. Amerikanın Tayvanın 23 milyon əhalisi ilə həmrəyliyi bu gün həmişəkindən daha vacibdir, çünki dünya avtokratiya və demokratiya arasında seçim qarşısındadır.
Bizim səfərimiz Tayvana Konqresin bir neçə nümayəndə heyətlərindən gəlişindən biridir və bu, 1979-cu ildə Tayvan Münasibətləri Aktı, ABŞ-Çin Birgə Kommunikeləri və Altı Təminat əsasında rəhbər tutulan Birləşmiş Ştatların uzunmüddətli siyasətinə heç bir şəkildə zidd deyil. Birləşmiş Ştatlar status-kvonu dəyişdirmək üçün birtərəfli səylərə qarşı çıxmaqda davam edir”, - siyasətçi qeyd edib.
Our delegation’s visit to Taiwan honors America’s unwavering commitment to supporting Taiwan’s vibrant Democracy.
Our discussions with Taiwan leadership reaffirm our support for our partner & promote our shared interests, including advancing a free & open Indo-Pacific region.
— Nancy Pelosi (@SpeakerPelosi)
Xatırladaq ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.
1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.
Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.
Senzor.az