İnternet xidmətlərinə görə tarifləri kim qaldırıb... YAXUD ÖLKƏDƏ ƏMƏKHAQLARI, PENSİYALAR 70 FAİZ ARTIB Kİ?!

Bir neçə gün əvvəl ev telefonumun aylıq abunəsini ödədim. İnternetə görə aylıq ödəniş etmək istəyəndə 17 manat borc yazıldığını gördüm. Əvvəlcə inanmadım. Elə bildim səhv olub. “155” çağrı mərkəzini yığıb dəqiqləşdirdim. Operator bildirdi ki, “Aztelekom” avqust ayından internet paketlərinə yeni qiymətlər tətbiq edib. İnternetin sürəti artırıldığı üçün qiymətlər də ona münasib dəyişdirilib. Qeyd etdim ki, mən 8 ildir internetə görə abunə haqqı 10 manat ödəyirdim və bu sürət məni qane edir. Operator bildirdi ki, heç bir kömək edə bilməyəcək. Nəsə aydınlaşdırmaq üçün Yasamal ATS-inə gedib şikayətinizi orada bildirin. Vəssalam. 

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin çağrı mərkəzi də eyni sözü təkrarladı. 

Nazirliyin vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı Mübariz Nəzərov da təmsil etdiyi qurumun yeni qiymətlərlə razılaşdığını etiraf etdi və əlavə etdi ki, nazirliklə razılaşmadan bu addım atıla bilməz.

“155 çağrı mərkəzi ilə əlaqə saxlayın. Aşağı tarif varsa, onu seçin. Yoxdursa, əgər qiymət sizi qane edirsə, 17 manat ödəməlisiniz. Əks-təqdirdə imtina edib interneti bağladın”, - deyə Mübariz Nəzərov söhbəti yekunlaşdırdı.

 

Son illər rabitə sahəsində yaranmış acınacaqlı vəziyyətdən istifadə edərək, rabitə müəssisələri istəyəndə abonentlə razılaşdırmadan yeni tarif müəyyənləşdirir. İndi abonent işini-gücünü atıb gedib Yasamal ATS-də irad bildirməli, 17 manatlıq tariflə razılaşmadıqda interneti bağladıb başqa provayder axtarmalıdır?!

 

Bu da bizim rabitəmizin inkişafı. Bu da “burda mənəm, Bağdadda kor Xəlifə” məsəlinin daha bir nümunəsi. 

 

Görəsən, bizim Tarif Şurası niyə susur? Ölkədə qiymət artımı onsuz da əhalini pis vəziyyətdə qoyub. İnflyasiyanın tüğyan etdiyi, əhalinin ərzaqla təminatda çətinlik çəkdiyi bir vaxtda bir yandan da internet qiymətlərini birdən-birə 70 faiz artırmaqla, görəsən, “Aztelekom” kimin dəyirmanına su tökür? Məgər ölkədə əməkhaqları, pensiyalar 70 faiz qalxıb? 

Əvvəllər də 10, 13, 15, 20, 25, 50 manatlıq və daha artıq qiymətə internet paketləri tətbiq edilirdi. Son dövrlər isə səbəb göstərilmədən yalnız aşağı qiymətli internet paketləri ləğv edilir və abonentləri yuxarı qiymətli paketlərdən istifadəyə məcbur edirlər. Bu gün fakt odur ki, 10 manatlıq internet paketinin əvəzinə 17 manatlıq təklif edilir və guya başqa seçimin olmadığı bildirilir. Beləliklə, nazirliyin xeyir-duası ilə “Aztelekom” abonenti aldadaraq onun əlində olan son pulunu da qoparmağa çalışır.

 

Bu gün dünyanın hər yerində internetin əlçatanlılığını təmin etmək üçün işlər aparıldığı bir vaxtda bizim rabitəçilərimiz inkişafı, əlçatanlılığı qiymət artırmaqda görürlər. Göstərdikləri xidmətin keyfiyyətindən isə söz açmağa dəyməz. Nə normal internet verirlər, nə də digər xidmətləri ürəkaçandır. Bu, sadəcə abunəçinin cibinə girib onu soymaqdan başqa bir şey deyil. 

Bircə fakt deyim. Özəl provayderlərdə telefon xidmətləri, internetə görə ödəniş etdikdən bir-iki dəqiqə sonra aktivləşir. “Aztelekom” və “Baktelekom”da isə bu saatlarla, bəzən günlərlə çəkir. Səbəbi isə abonentə olan sayğısızlıqdan başqa bir şey deyil.

Minlərlə abonent qiymətlərin aşağı olmasına görə bu xidmətlərdən istifadə edirdi. İndi isə çoxları imkansızlıq üzündən internetini bağladıb ümidini qonşunun Wi-Fi-na bağlayacaq. O da ki, hamı yox, qonşusu imkanlı olanlar…

 

Qabil YUSİFOĞLU

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.