Avqustun 9-da Türkiyənin karbohidrogen kəşfiyyat işlərinə qatılacaq dördüncü qazma-kəşfiyyat gəmisi “Əbdülhəmid Han” Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən rəsmi mərasimlə istismara verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mərasim Türkiyənin Mərsin vilayətinin Taşucu limanında keçirilib.
Tədbirdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Qarşımızdakı mənzərə Türkiyənin son 20 illik fəaliyyətinin ən gözəl nəticəsidir. Son 20 ildə ölkəmizə çoxəsrlik uğurlar qazandırdıq, xidmətlər göstərdik. Sözümüzün konkret nümunəsi olan “Əbdülhəmid Han” qazma gəmimiz həm də Türkiyənin enerji sahəsindəki yeni baxışının rəmzidir. Əvvəllər maliyyə belə ayıra bilmədiyimiz seysmik tədqiqatlarla kəşf edilmiş ehtiyatların öz imkanlarımızla iqtisadiyyata gətirilməsi proseslərini həyata keçirdiyimiz dövrə qədəm qoymuşuq. Dənizdəki uğurumuzu qurudakı kəşflərlə daha da artırmaq istəyirik. Bu məqsədlə yeni quyuların açılması, əvvəllər açılıb-bağlanan quyuların fasiləsiz olaraq yenidən hasilata qaytarılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Yerli neft hasilatımız 65 min barelə çatıb. Məqsədimiz ilin sonuna qədər daha 150 quyu açmaq və bu rəqəmi dəfələrlə artırmaqdır. Qlobal iqtisadi böhranda silaha çevrilmiş təbii qaz və neft ehtiyatlarımızı nə qədər tez və nə qədər çox artıra bilsək, bu kritik prosesdə bir o qədər üstünlük əldə edəcəyik”.
Qeyd edək ki, Cənubi Koreyanın Okpo limanından gətirilən gəmi mayın 19-da Mersinin Taşucu limanına lövbər salıb. Təxminən iki ay yarım vaxt ərzində Taşucu limanında qalan gəmidə təmir və yeniləmə işləri aparılıb. Uzunluğu 238 metr, eni isə 42 metr olan bu dəniz vasitəsi ikiqat təhlükəsizlik sistemi və ən yeni texnologiyalarla təchiz edilib.
“Abdülhamid Han” 12,200 metrə qədər dərinlikdə qazma işləri apara bilər.
Dünyada bu sinifdən cəmi 4-5 qazma gəmisi var.