Avqustun 9-da Konya şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Senzor.az bildirir ki, Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Türkiyənin dövlət başçısı da öz növbəsində dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edib və şəhidlərlə bağlı başsağlığı verib.
Dövlətimizin başçısı dəstəyə və başsağlığına görə təşəkkür edib.
Görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.