Prezidentin son bəyanatlarının məğzi: İrəvana vaxt qoydu, Zəngəzur dəhlizi... STATUS OLMAYACAQ!
TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibə zamanı postmünaqişə reallıqları fonunda baş verən son hadislərə toxunub. Prezidentin çıxışında toxunduğu bir çox məsələ diqqət çəkib.

 

İstənilən zaman əməliyyat apara bilərik

 

Prezident müsahibə zamanı bir müddət öncə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi “Qisas” antiterror əməliyyatından danışıb. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: “Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.

 

Ölkə başçısı bununla faktiki olaraq “Qisas” antiterror əməliyyatının bənzərinin bundan sonra da ola biləcəyi mesajını verib. Aydın məsələdir ki, əməliyyat uzun çəkmədi və daha çox qarşı tərəfi çəkindirmək, qorxutmaq və təbii ki, regionda maraqlı qüvvələrin nəbzini yoxlamaq mahiyyəti daşıyırdı. Əməliyyatdan sonra baş verənlərə baxdıqda demək olar ki, “Qisas” missiyası uğurla başa çatıb.

 

Bu əməliyyatlar həm də Ermənistanda bəzilərinin bərpa etməyə çalışdıqları  “cəngavər” obrazını yenidən dağıtdı. Bakı psixoloji üstünlüyün mənimənilməsinə imkan vermədi.  

Prezident bir daha qeyd etdi ki, biz öz torpağımızda istənilən zaman istənilən əməliyyat apara bilərik. Ölkə başçısı bununla bir daha antiterror əməliyyatlarının miqyasının genişlənə biləcəyi və hər an yenidən başlaya biləcəyi mesajını da vermiş oldu.

 

Qarabağda ermənilərin heç bir statusu olmayacaq!

 

Prezident müsahibə zamanı vacib məqamlardan biri olan Qarabağda yaşayan ermənilərin statusu məsələsinə də toxunub. Prezident bir daha bəyan edib ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Ümumiyyətlə ermənilərin hansısa xüsusi imtiyazı olmayacaq. Yəni Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onlarınkı da elə. 

Bir çox hallarda bu məsələyə lazımınca diqqət yetirilməsə də, ermənilərə xüsusi imtiyaz, status vermək olduqca riskli bir addımdır. Məsələ ondadır ki, bu gün Azərbaycanda irili-xırdalı bir çox fərqli etnik xalqlar-qruplar yaşayır. İndiki məqamda rəsmi Bakının ermənilərə xüsusi imtiyaz tanıması onları narazı sala bilər. Prinsip etibarilə bu gün Azərbaycanda yaşayan ləzgilər, talışlar və digər etnik qruplar bu ölkəyə ermənilərdən daha çox xidmət ediblər və edirlər. 

 

Ölkə başçısının bu məsələdə israrlı olması əslində uzaqgörən siyasətin təcəssümüdür. Prezident yaxşı başa düşür ki, bu gün rəsmi Bakıdan ermənilərə xüsusi imtiyazın verilməsini tələb edənlər gələcəkdə ölkə daxilində yeni etnik qarşıdurmaların zəminini hazırlayırlar. Buna görə də Azərbaycanın unitar bütünlüyünü pozacaq belə bir addım heç bir halda qəbul edilə bilməz. 

Prezidentin “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi” deməsini, hesab edirəm ki, bu mövzuda yekun qərar kimi qiymətləndirmək olar. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, ermənilərin də hüquqları elə qorunacaq. Əlbəttə, bununla razı olmaq istəməyən ermənilər Ermənistana köçə bilərlər... 

 

İrəvana vaxt qoydu. Zəngəzur dəhlizi...

 

Prezidentin müsahibəsində diqqətçəkən bir digər məqam da onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri oldu. “Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik”, - deyə  Prezident vurğulayıb. 

Zəngəzur dəhlizi Prezidentin üzərində dayandığı və israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Əslində bunu anlamaq elə də çətin deyil. Çünki Zəngəzur dəhlizi 27 illik danışıqlar prosesinin gündəliyində olmayan və məhz cənab Prezidentin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının mətninə daxil edilən bir məsələdir. Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə diqqətçəkən məsələdir. Prezidentin hər dəfə bu məsələyə toxunması artıq erməni-rus rəsmilərinin də siyasi leksikonunda yer alıb. 

 

Prezident açıqca qeyd edir ki, ermənilər delimitasiya komissiyası yaradılmasına razı deyildilər, ancaq nəticədə razılaşdılar. Bu gün Zəngəzur dəhlizinə etiraz edən ermənilər gec-tez buna da razı olacaqlar. Bunun necə olacağını isə, hesab edirəm, Prezidentin paylaşdığı fotodan anlamaq olar. 

Belə ki, Prezident əslində Azərbaycan xəritəsinin əks olunduğu bir suvenirin fotosunu paylaşdı və bu suvenirdə Qərbi Zəngəzur Azərbaycan ərazisi olaraq göstərilmişdi. Verilən mesaj çox netdir. Ya Zəngəzur dəhlizi açılacaq, ya da Qərbi Zəngəzur həqiqi, tarixi sahibinə qaytarılacaq. Yeri gəlmişkən, Prezident müsahibə zamanı maraqlı bir ifadə də işlətdi: “Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı”.

 

Nəticə etiabrilə Prezidentin son müsahibəsindən belə bir qənatə gəlmək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsinin gecikməsi halında Azərbaycan tarixi Qərbi Zəngəzur torpaqlarına dair təbliğatı artıracaq. Bu istiqamətdə ən azından Ermənistanda azərbaycanlı icmasının yaradılması mümkündür.

 

Bundan başqa, Zəngəzur dəhlizi kontekstində Azərbaycan Ermənistana doğru gedən yolların təhlükəsizlik və nəzarət imkanlarını öz əlinə almaq üçün tədbirlərini genişləndirəcək. Hətta bu istiqamətdə rəsmi İrəvanı çəkindirmək üçün hərbi addımların atılması da mümkündür.   

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.