BMT-nin Baş katibi Antoniu Quterreş Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə cümə axşamı Ukraynaya səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Baş katibin ofisi məlumat yayıb.
Baş katib Ukraynanın Lvov şəhərində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski ilə ikitərəfli, üçtərəfli görüşlər keçirəcək.
Məlumata əsasən, ertəsi gün Baş katib Odessaya yola düşəcək.
Səfər zamanı taxıl dəhlizi, Zaporojye AES ilə bağlı vəziyyət və Yelenovkadakı istintaq təcridxanası üzrə missiya gündəmdə olacaq...
Bu arada Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Lvov vilayətinə birgünlük işgüzar səfər edəcəyi barədə məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində iki ölkə liderlərinin görüşlərində strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektləri dəyərləndiriləcək.
Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılan mexanizmin fəaliyyətinin artırılaraq davamiyyətini təmin etmək, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən böhrana diplomatik yollarla son qoyulması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.