Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Yair Lapid arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya idarəsi məlumat yayıb.
“Prezident Ərdoğan səfirlərin qarşılıqlı təyinatı ilə bağlı bu gün qəbul edilən qərara toxunaraq, yaxın vaxtlarda yeni səfirin təyinatı məsələsi ilə bağlı lazımi addımların atılacağını bildirib”, - deyə məlumatda vurğulanıb.
Söhbət zamanı Türkiyə ilə İsrail arasında münasibətlər və regional məsələlər müzakirə edilib. Prezident Ərdoğan İsrail Prezidentinin və Baş nazirinin Türkiyəyə səfərləri zamanı əldə olunan razılaşmalar çərçivəsində qeyd alınan irəliləyişdən məmnunluğunu ifadə edib.
Xatırladaq ki, öncə İsrail Baş nazirinin ofisi Türkiyə ilə İsrail arasında tam diplomatik münasibətlərin bərpa olunduğunu elan edib. Daha sonra bu məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da təsdiqləyərək Ankaranın Tel-Əvivə səfir təyin etmək qərarına gəldiyini qeyd edib.