Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə Lvova gəlib.
Senzor.az bildirir ki, Türkiyə dövlətinin başçısı təyyarə ilə Polşanın Rzeşov şəhərinə, oradan isə quru nəqliyyatı ilə Lvova yollanıb.
R.T.Ərdoğan əvvəlcə V.Zelenski ilə təkbətək formatda danışıqlar aparacaq.
Bundan sonra Ukrayna və Türkiyə prezidentləri ilə BMT-nin Baş katibi Antoniu Quterreşin üçtərəfli görüşü olacaq.
Məsləhətləşmələrin nəticəsi olaraq Türkiyə, Ukrayna liderləri və BMT Baş katibinin birgə mətbuat konfransı təşkil olunacaq.
Səfərdə Türkiyə liderini xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının Əlaqələr üzrə məsul işçisi Fahrettin Altun, Prezidentin Mətbuat katibi İbrahim Kalın, Prezident Administrasiyası Müdafiə Sənayesi Şöbəsinin müdiri İsmayıl Dəmir, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik və “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar müşayiət edirlər.
**10:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.
Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antoniu Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.
Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.