Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Lvovda keçirilən görüşün təfərrüatını açıqlayıb.
Ukrayna lideri rəsmi Teleqram kanalında yazıb: “Türkiyə Prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkənin dəstəyinin bariz göstəricisidir. Lvovdakı görüşdə biz Rəcəb Tayyib Ərdoğanla taxıl təşəbbüsünün yaxşılaşdırılması imkanlarını, Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etdik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunduq”.
Qeyd edək ki, V.Zelenskinin BMT Baş katibi Antoniu Quterreşlə də görüşü olub.
**16:18
Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, danışıqlar Pototski sarayında aparılır.
İkitərəfli görüşdən sonra BMT Baş katibi Antoniu Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.
Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.
Görüşlərdə Ukraynadakı durum, o cümlədən taxıl ixracı prosesinin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, bu, Ərdoğanın müharibə başlayandan Ukraynaya ilk səfəridir.