Rusiyalı milyarder Arkadi Rotenberqin keçmiş həyat yoldaşı Natalya Rotenberq-Arzakantsyan İrəvan merliyinə namizədliyini irəli sürüb.
Senzor.az bildirir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Qeyd olunur ki, onun namizədliyi avqustun 20-də “Vətənin Gücü” partiyasının birinci qurultayında irəli sürülüb.
Tədbirdə Natalya Rotenberq erməni dilində çıxış edib.
O deyib ki, İrəvan və Ermənistanın çoxlu problemləri var və onların həlli çox vaxt aparacaq: “Bilik və təcrübənizi bizimlə bölüşsəniz, başqalarının edə bilmədiklərini edəcəyik”.
Öz növbəsində onun indiki həyat yoldaşı, “Vətənin Gücü” partiyasının lideri Tiqran Arzakantsyan vurğulayıb ki, ölkənin bütün problemlərini, çətinlikləri birgə səylərlə həll etmək, aradan qaldırmaq olar.
Xatırladaq ki, Natalya Rotenberq və Tiqran Arzakantsyan “Vətənin Gücü” partiyasını bu ilin martında yaradıblar.
Onu da qeyd edək ki, İrəvan Şəhər Şurasına seçkilər 2023-cü ilin sentyabrına təyin edilib.