Laçın rayonunun Zabux və Sus kəndlərində, eləcə də Laçın şəhərində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti ərazini tərk edib.
Bu barədə “Kavkazskiy uzel” nəşri yazıb.
Bildirilir ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgələrdə cəmi bir neçə ailə qalıb. Ermənilərin bəziləri Xankəndinə, qalanı Ermənistana gedib.
Nəşr yazır ki, qondarma qurumun Laçındakı "nümayəndəsi" ermənilərə yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Bəzi ailələrə əlavə 5 gün vaxt verilib.
Məlumata görə, hər üç yaşayış məntəqəsində artıq elektrik enerjisi və rabitə xətti kəsilib.
Laçında yerləşən mağazalardan birinin sahibi Aida Balikyan qeyd edib ki, şəhərdə işğal illərində məskunlaşıb.
“Ermənistan hökuməti bizi Laçına eksperiment olaraq yerləşdirdiyini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”, - deyə o qeyd edib.
Yeri gəlmişkən, İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlıları ilə bağlı narazılıqlar son toqquşmalardan sonra xüsusilə artıb.
“44 günlük müharibədən sonra ermənilər bu yerlərə qayıtdılar, çünki ruslar onların təhlükəsizliyinə zəmanət verdi. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməlidirlər. Hər şey belə davam edərsə, o zaman bu ərazidə beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik”, – deyə Xankəndi sakinlərindən biri bildirib.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları 2020 ci il 10 noyabr tarixli bəyanata əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.