Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
Senzor.az xatırladır ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. Həmin günlər 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.
Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Zəfər Bayramı münasibətilə xalqa müraciət edib.
Avqustun 30-nun türk millətinin tarixində xüsusi yer tutduğunu xatırladan Prezident deyib: “Böyük Qələbə ilə bu gün azad yaşadığımız torpaqların bizim əzəli və əbədi vətənimiz olduğu bir daha sübut edilib. 30 avqust türk millətinin əsarətlə azadlıq arasında seçim etmək məcburiyyəti qarşısında qaldıqda nələrə nail ola, nələrdən imtina edə biləcəyinin ən bariz sübutudur. Millətimiz bir gün belə düşmən əsarəti altında qalmaqdansa, şəhidlik yolunu seçərək müstəqilliyini və gələcəyini qorudu.
Son olaraq, 15 iyul gecəsi baş verən hadisələr bir daha göstərdi ki, böyük hücuma ilham verən sarsılmaz iradə hələ də qəlbimizdə yaşayır. Türkiyə keçmişindən aldığı güclə parlaq və firavan gələcəyini qurmaq yolunda əmin addımlarla irəliləyir”.
Türkiyənin dünyanın yeni sistemində layiq olduğu yeri tutduğunu deyən Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin 100-cü ildönümünün qeyd ediləcəyi 2023-cü ilin böyük və qüdrətli Türkiyənin qurulmasının müjdəsinin veriləcəyi yeni bir mərhələ olacağını vurğulayıb.
Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürk və silahdaşlarını ehtiramla yad edən Prezident Ərdoğan şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı diləyib...