Sentyabrın 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Senzor.az bildirir ki, Azərbaycan Prezidenti Mətbuat Xidmətinin yaydığı məlumatda belə deyilir.
Telefon söhbəti zamanı Cənubi Qafqazda cari vəziyyət hərtərəfli müzakirə edilib. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin nizamlanması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub. Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli əsas üçtərəfli razılaşmalarının ardıcıl olaraq reallaşdırılması əzmi təsdiq edilib.
Prezident İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü barədə məlumat verib.
Telefon danışığı əsnasında ikitərəfli gündəliyin bəzi praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, energetika və humanitar sahələrə aid məsələlər də nəzərdən keçirilib.
**14:59
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata əsasən, danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.
İlham Əliyev avqustun 31-də Brüsseldə Paşinyan və Mişellə görüşü haqqında Vladimir Putinə məlumat verib.
Prezidentlər, həmçinin, Azərbaycan və Ermənistan sərhədində sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün əlaqələndirilmiş səylərin əhəmiyyətini vurğulayıblar.