Rusiya vətəndaşlığından çıxıb Azərbaycana - Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağda köçdüyünü elan edən erməni milyarder Ruben Vardanyan “Qarabağ məsələsi ilə bağlı bir sıra beynəlxalq görüşlər keçirmək üçün” Fransaya səfərə gedib.
Senzor.az bildirir ki, bu barədə Vardanyan sentyabrın 4-də Facebook hesabında məlumat verib.
“Mən müxtəlif ölkələrin nüfuzlu adamlarına Artsaxın (Qarabağın - red.) təhlükəsizliyini və inkişafını təmin etmək üçün hərəkətlərimizi izah etməyi vacib hesab edirəm. Bu gün bizim həm diaspordan, həm də Ermənistandan olan dostlarımızın bu xarici resursdan erməni xalqının maraqları naminə istifadə etməsi çox vacibdir.
Bu gün və sabah Fransada özəl tədbirlərdə iştirak edəcəyəm, həmçinin ümumi işimizə mühüm töhfə verə biləcək insanlarla görüşməyi planlaşdırıram”, - deyə o yazıb.
Haqqin.az xatırladır ki, bir neçə il əvvəl beynəlxalq araşdırmaçı jurnalistlər adı “Forbes”in siyahısında olan və sərvətinin 1 milyard dollardan çox olduğu bildirilən Ruben Vardanyanın Rusiyadan milyardlarla dolları ofşor hesablara köçürdüyündən yazmışdılar: “O da məlumdur ki, onun kriminal aləmlə sıx əlaqələri var. Rusiya mənbələrində R.Vardanyanın bir neçə il əvvəl qətlə yetirilən “Ded Xasan” ləqəbli kriminal avtoritet Aslan Usoyanla əlaqələri barədə də məlumatlar mövcuddur. Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağda məskunlaşmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar dolaşır. Bu versiyalardan birinə görə, onun məqsədi sanksiyalardan yayınmaqdır”.
Senzor.az