"Birləşmiş Ştatlar bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə Cənub Qafqazda 2020-ci ildə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında intensiv döyüşlər gedən ərazilərin minalardan təmizlənməsi üçün 2 milyon ABŞ dolları məbləğində humanitar yardımın ayrılmasını bəyan etməkdən məmnundur".
Senzor.az bildirir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada belə deyilir.
"Münaqişə bölgəsində mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafın qarşısını alır və məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıdışına maneə yaradır.
ABŞ-ın 2021-ci ilin noyabr ayında ayırdığı 500,000 dollarlıq yardımı ilə başlayan maliyyə dəstəyi minaların zərərsizləşdirilməsi sahəsində çalışan təşkilatların texniki bacarıqlarının artırılması və ərazilərin ölümcül mina və partlamamış sursatlardan təmizlənməsinə yönəlib. Sözügedən səylər insanların təhlükəsizliyinin təminatında, habelə məcburi köçkünlərin öz evlərinə qayıdaraq həyatlarını yenidən qurmasında mühüm rol oynayır.
Birləşmiş Ştatlar dünyada adi silahların sayının azaldılması üçün ən çox maliyə ayıran dövlətdir. O, 1993-cü ildən bəri 100-dən çox dövlətə 4,7 milyard dollardan artıq yardım ayıraraq mina və partlamamış sursatların yaratdiğı təhlükələri azaltmağa və beləliklə beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsi təmin etməyə yardım edir”, - deyə açıqlamada vurğulanır.