Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.
Senzor.az bildirir ki,bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Londonun “Luton” beynəlxalq hava limanında Milli Məclisin sədrini Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri sentyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak edəcək və matəm kitabına ürək sözlərini yazacaq.
Spiker, həmçinin sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz adından təşkil olunan rəsmi qəbulda iştirak edəcək.