Kreml Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında oktyabrın 31-də üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyib. Böyük ehtimalla planlaşdırılan görüş baş tutacaq.
Əvvəllər də dediyimiz kimi, Moskva Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi üçün tələsir. Bunun bir sıra səbəbləri var: Birincis, Rusiya Aİ-nin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində təşəbbüsləri fonunda regiondakı təsir gücünün azaldığını hiss edir. İkincisi, getdikcə sivil dünyadan təcrid olunan Rusiya üçün qonşuları ilə normal münasibətlərlər çox vacibdir. Üçüncüsü, şimal qonşumuz dünyada itirilmiş nüfuzunu bərpa etməyə çalışır. Elə buna görə də düşünmək olar ki, əvvəlki illərdən fərqli olaraq, Kreml bu dəfə daha səmimidir. Çünki Rusiya bölgədə sülhün alternativinin olmadığını dərk edir.
İrəvanla Bakı arasında yekun sülh müqaviləsinin imzalanacağı şübhəsizdir. Çünki başqa yol yoxdur. Sadəcə sual müqavilənin nə vaxt və hansı üçüncü tərəfin vasitəçiliyi ilə imzalanacağıdır. Vasitəçi kimi hələ ki, ən real namizəd Aİ-dir. Sözsüz, moderator olmasa, ikitərəfli müstəvidə də razılıq əldə oluna bilər. Amma Rusiyanın şansları çox azdır. Bunu şimal qonşumuz özü də bilir. Ona görə indi təlaşa düşüb. Anlayır ki, gözlənilən üçtərəfli görüşdə ciddi nəticə əldə olunmasa, Cənubi Qafqaz tamamilə nəzarətindən çıxa bilər. Elə ona görə də Rusiya bu dəfə səmimi olmağa məcburdur.
Dünən Paşinyan bildirib ki, o, sülhməramlıların Qarabağda qalma müddətinin 15-20 il müddətinə uzadılmasına razıdır. Ermənistan baş nazirinin üçtərəfli görüş ərəfəsində bu cür açıqlama verməsini təsadüfi hesab etmirəm. Fikrimcə, göstəriş Kremldən gəlib. Kremlin Paşinyanın fikirlərinə dərhal reaksiya verməsi bu ehtimalı daha da artırır. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib ki, bu məsələnin müzakirəsi üçün vaxt var.
Sülhməramlıların Qarabağda qalma müddətinin uzanması Rusiyanın ürəyincədur. Bu, rəsmi Moskvanın regiondakı mövcudluğunu təmin edəcək əsas faktordur. Çox güman, üçtərəfli görüşdə sözügedən məsələ müzakirə olunacaq. Moskva Qarabağdakı rus hərbçilərinin qalma müddətinin uzadılmasına, bu mövzuda razılıq əldə olunmasına çalışacaq. Beləliklə, Kreml regiondakı mövcudluğu ilə bağlı təminat əldə edə bilər.
Müddətin 15-20 il göstərilməsi də siyasi addımdır. Ola bilsin, Kreml rəhbəri "ortaq məxrəc" kimi bu müddətin 5 il olmasını təklif etsin. Hərçənd bu da bizim maraqlarımıza tamamilə ziddir.
Fikrimcə, Azərbaycan rəsmi səviyyədə Paşinyanın sərsəm iddialarına cavab verməlidir. Beləliklə, Rusiya tərəfi də anlamalıdır ki, biz sülhməramlıların ərazimizdə qalıb - qalmamasına özümüz qərar veririk və buna razı deyilik. Bu həm də görüş ərəfəsində Rusiya lideri üçün mövqeyimizlə bağlı siqnal olar.
Rusiyanı düşündürən Ermənistan yox, öz maraqlarıdır. Moskva sadəcə İrəvandan istifadə edir. Paşinyan bunu anlamalı və siyasi iradə göstərməlidir.
Rusiya isə bilməlidir ki, daha bizim ona ehtiyacımız yoxdur. Moskva üçün daha faydalı olan variant Bakı ilə diktə dilində danışmaq yox, diqqətli davranmaqdır. Əks halda itirən özü olacaq.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın üçtərəfli görüş ərəfəsində Ermənistana səfəri və Paşinyanla görüşməsi də təsadüfü deyil. Əlbəttə, Aİ nümayəndəsi Paşinyana təlimatlar verib.
Ermənistan həmişə olduğu kimi, indi də "iki od arasındadır". Bu durumdan çıxmağın yeganə yolu isə dediyimiz kimi, siyasi iradə göstərməkdir.
Oktyabrın 31- də keçiriləcək görüş Kreml üçün sınaqdır. Əgər Rusiya bizi sıxışdırmağa cəhd etsə və ya faktiki nəticə istiqamətində addımlar atmasa, Moskvanın iştirakı ilə növbəti üçtərəfli görüşlərə ehtiyac qalmaya bilər.
Kənan Novruzov,
siyasi ekspert