İrəvanın iqtisadi imperativi: KOMMUNİKASİYALARIN ERMƏNİSTANA STRATEJİ FAYDALARI
ELÇİN ALIOĞLU YAZIR

Cənubi Qafqaz artıq struktur baxımından dərin transformasiya mərhələsinə qədəm qoyub. Bu mərhələdə iqtisadi rasionalizm tədricən keçmişin ideoloji konstruksiyalarını arxa plana keçirir. Ən parlaq nümunə Ermənistandır: onilliklər boyu nəqliyyat və siyasi blokada şəraitində fəaliyyət göstərən bu ölkə indi elə bir nöqtəyə çatıb ki, kommunikasiyaların açılması artıq xarici siyasət jesti deyil, iqtisadi zərurətdir. Müasir bazarın məntiqi ona seçim qoymur: ya regional dəhlizlərə inteqrasiya, ya da demoqrafik azalma və xarici asılılıqla müşayiət olunan dərin durğunluq.

 

Üç onillik ərzində Ermənistan tranzit trilemmasının girovu olub: geniş bazarlara birbaşa çıxışın yoxluğu, Yuxarı Lars vasitəsilə məhdud logistika xəttindən asılılıq və yüksək nəqliyyat xərcləri. Bu üç faktor təkcə biznes mühitini pisləşdirməyib - həm də Ermənistan iqtisadiyyatını qonşu dövlətlər qarşısında rəqabətqabiliyyətsiz hala gətirib. İxrac potensialı olan istənilən sektor hələ ilkin logistik mərhələdə uduzur. Bunun nəticəsində birbaşa xarici investisiyaların strukturu təhrif olunub: üstünlük diaspor kapitalına və Rusiyadan relokasiya olunan vəsaitlərə verilib. Bu axınlar blokadanın təsirini müvəqqəti kompensasiya etsə də, uzunmüddətli iqtisadi artım effekti yaratmayıb.

 

2025-ci ildə razılaşdırılmış kommunikasiyaların açılması bu trilemmanın əsas komponentlərindən birini - struktur təcridini aradan qaldırır. Bu, iqtisadiyyatın yeni dəyər yaratma trayektoriyasına keçidi, əməliyyat xərclərinin azalması və beynəlxalq ticarət əlaqələrinin genişlənməsi deməkdir. Hətta kəskin siyasi qərarlar olmadan belə, İrəvan nəqliyyat şərtlərini bərabərləşdirmək və illərdir davam edən “blokada vergisindən” azad olmaq imkanı qazanır.

 

Uzun illər Ermənistanın investisiya iqlimi “geopolitik karantin” vəziyyətində olub. Belə bir modeldə ölkə xarici sərmayəçi üçün uzunmüddətli kapital yatırımı məkanı deyil, hər an siyasi və ya hərbi şok riski daşıyan qeyri-sabit ərazi kimi görünürdü. Qapalı sərhədlər, zəif təchizat zəncirləri və yüksək əməliyyat riskləri xarici biznesi layihələrin maya dəyərinə həddindən artıq geopolitik risk əlavəsi etməyə məcbur edirdi. Nəticədə, formal olaraq qənaətbəxş reytinqlərə baxmayaraq, Ermənistan region ölkələri ilə müqayisədə sabit tranzit funksiyalarına malik dövlətlər qədər kapital cəlb edə bilmirdi.

 

2025-ci ildən etibarən yeni institusional mərhələ başlanır. Münaqişə gərginliyinin azalması nəticəsində kommunikasiyalar mövzusu “təhlükəsizlik məsələsi” statusundan çıxaraq adi dövlət idarəçiliyinin tərkib hissəsinə çevrilir. Bu da öz növbəsində investorun risk qiymətləndirməsini dəyişir. Ən mühüm nəticə - investisiya prosesinin diaspor asılılığından azad olmasıdır. Etnik həmrəylik motivləri ilə yönlənən yatırımların yerini iqtisadi səmərəlilik və kapitalın geri dönüşünə hesablanan investisiyalar tutur. Paralel şəkildə regional inkişafın coğrafiyası da dəyişir: Sünik bir vaxtlar ön cəbhə zonası idisə, indi potensial logistik qovşağa çevrilir. Marqaradan keçib Yeğeqnadzor–Sisian–Qorisa qədər uzanan hissə artıq dəhliz funksiyası qazanır; onun ətrafında paylayıcı mərkəzlər, xidmət sektoru, anbar infrastrukturu və kiçik biznes meydançaları formalaşır. Yerli büdcələr xroniki dotasiya vəziyyətindən çıxmaq, region isə ümumi nəqliyyat şəbəkəsinə inteqrasiya etmək imkanı əldə edir.

 

Təxminən eyni dərəcədə önəmli amil - Türkiyə ilə sərhədin açılmasıdır. Türkiyə bazarı Avrasiya məkanında ən dinamiklərdən biridir və onun biznes mühiti ekspansiya baxımından olduqca aqressivdir. Ermənistan iqtisadiyyatı üçün bu, iki paralel proses deməkdir: idxalın ucuzlaşması və daxili bazarda rəqabətin artması. Makroiqtisadi baxımdan belə mexanizm inflyasiya təzyiqini azaldır, texnologiyalara çıxışı asanlaşdırır və yüngül sənaye, tikinti materialları və qida sənayesi kimi sahələrdə birgə istehsal layihələrinin yaranması üçün şərait formalaşdırır.

 

Şərq–Qərb məntiqi ilə paralel şəkildə ABŞ tərəfindən irəli sürülmüş TRIPP layihəsi – Ermənistanın Şimal–Cənub dəhlizindəki hissəsini modernləşdirməyə yönəlmiş strateji təşəbbüs – reallaşmağa başlayır. Ermənistan üçün bu layihə bir növ geoiqtisadi balanslaşdırma alətidir: Bakı və Türkiyə marşrutlarından birtərəfli asılılıqdan qaçmaq istəyi ilə Fars körfəzi–Qara dəniz xəttinə inteqrasiya cəhdi bir-birini tamamlayır. TRIPP layihəsi İrəvana Qərb maliyyə mənbələrinə, texnoloji müşayiətə və siyasi təminatlara çıxış imkanı verir – bu resurslara Ermənistan xarici dəstək olmadan real şəkildə malik ola bilməzdi.

 

Fəqət TRIPP struktur baxımından ciddi məhdudiyyətlərə malikdir. Cənub seqmentinin coğrafiyası onu Avrasiya məkanında ən bahalı infrastruktur layihələrindən birinə çevirir: dağ relyefi yolların və tunellərin çəkiliş xərclərini dəfələrlə artırır. Bu dəhliz artıq fəaliyyət göstərən və həm relsli, həm də avtomobil komponentlərini birləşdirən Azərbaycan variantı ilə rəqabət aparır. Üstəlik, TRIPP-ın tam istismara verilməsi illərlə vaxt tələb edir, halbuki Şərq–Qərb kommunikasiyalarının açılmasından Ermənistan dərhal iqtisadi dividendlər qazanır. Beləliklə, TRIPP uzunmüddətli diversifikasiya planıdır, lakin cari iqtisadi problemlərin həlli üçün operativ mexanizm deyil.

 

Bu arada Azərbaycan regionun yeni logistik memarlığını ardıcıl şəkildə formalaşdırır. Daxili infrastruktur layihələri - Horadiz–Ağbənd dəmiryolu və Horadiz–Zəngilan–Ağbənd avtomagistralı - təkcə Naxçıvanın inteqrasiyasını sürətləndirmir, həm də ölkənin Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsindəki mövqeyini gücləndirir. Azərbaycan hissəsinin 2026-cı ilə qədər tam hazır olması Bakının siyasi vəziyyətdən asılı olmayaraq faktiki tranzit infrastrukturunu formalaşdırdığını göstərir. Eyni zamanda, İran ərazisindən keçən paralel Araz dəhlizi strateji riski minimuma endirərək, İrəvan razılaşdırılmış çərçivələr daxilində hərəkət etməsə belə, alternativ marşrut yaradır.

 

Regionun əsas güc mərkəzləri İran və Rusiya  da bu prosesdə sabitləşdirici faktor kimi çıxış edirlər. Tehran rəsmi şəkildə bəyan edir ki, kommunikasiya layihələri İran–Ermənistan sərhədinə təhlükə yaratmır, Moskva isə regional nəqliyyat formatlarında iştirakını qorumaqla təsir mexanizmini saxlamağa çalışır. Bütün bunlar xarici blokadaların riskini azaldır və qərarların siyasi arxetiplərdən deyil, iqtisadi rasionalizmdən doğmasına şərait yaradır.

 

Nəticə etibarilə İrəvan ideoloji deyil, struktur xarakterli seçim qarşısındadır. Kommunikasiyaların açılması xeyirxahlıq jesti deyil, “yaşama iqtisadiyyatı”ndan “inkişaf iqtisadiyyatı”na keçiddir. Bu addım blokada vergisini aradan qaldırır, bazarlara çıxışı genişləndirir, fiskal gəlirləri artırır və ölkənin investisiya profilini dəyişdirir. 1990-cı illərin doktrinasına yapışmaq isə qaçılmaz tənəzzülə aparır: qiymətlərin artması, əhali axını, rəqabət qabiliyyətinin zəifləməsi və ölkənin xarici donor asılılığında xroniki vəziyyətə düşməsi. Yeni reallığın qəbul edilməsi isə regiona inteqrasiyanın, risklərin azalmasının və Ermənistan iqtisadiyyatının subsidiya ilə yaşayan periferiyadan fəaliyyət göstərən regional sistemin bir hissəsinə çevrilməsinin yeganə yoludur.

 

2025-ci ildə kommunikasiyaların açılması sadəcə diplomatik hadisə deyil - sistem xarakterli dönüş nöqtəsidir. O, tarixi incikliklərin deyil, iqtisadi məqsədəuyğunluğun üstün gəldiyi yeni qüvvə balansı yaradır. Ermənistan üçün bu transformasiya iki siyasət arasında deyil, durğunluq və inkişaf arasında seçimdir. Və gələcək trayektoriyanın istiqamətini bəyanatlar deyil, İrəvanın Cənubi Qafqazın yeni logistik memarlığına inteqrasiya qabiliyyəti müəyyən edəcək.

 

Cənubi Qafqazın yeni arxitekturası artıq proqnozlaşdırıla bilən, sürətli və gəlirli marşrutlar ətrafında formalaşır. Bakı məhz belə bir konfiqurasiya təklif edir – işlək, sınaqdan çıxmış, qlobal tədarük zəncirlərinə inteqrasiya olunmuş və Avrasiya məkanının əsas oyunçularının maraqları ilə uzlaşdırılmış bir model.

 

Əgər Ermənistan bu gələcəyin içərisində qalmaq istəyirsə, onda o, siyasi xülyalarla deyil, iqtisadi məntiqin xətti ilə hərəkət etməlidir. “Geosiyasi müqavimət” haqqında pafoslu bəyanatlar yalnız media səhnəsində cazibədar görünür. Praktikada isə bu, sadəcə bir şey deməkdir: milyardlarla dollarlıq tranzit gəlirlərindən, investisiyalardan və öz ərazisini dalan vəziyyətindən çıxarıb keçid zonasına çevirmək imkanından könüllü imtina. Bu imtina isə öz ardınca ağır nəticələr zəncirini gətirir – sənayesizləşmənin dərinləşməsi və demoqrafik uçurumun sürətlənməsi.

 

Horadiz–Ağbənd yolu, dəmir yolu xətti, İran üzərindən Araz marşrutu – bunların hamısı dayanıqlığın təməl sütunlarını təşkil edir. Ermənistan yenidən vaxt udmaq siyasətinə əl atsa belə, regionun nəqliyyat xəritəsi istər-istəməz Bakının xeyrinə dəyişəcək.

 

Ona görə də indi sual maksimum sərt və eyni zamanda tam dürüst səslənir: ya bu konfiqurasiyaya tərəfdaş kimi daxil olursan, ya da onun kənarında müşahidəçi kimi qalırsan. Üçüncü variant yoxdur. Amma imkan pəncərəsi hələ açıqdır. Əgər İrəvan ağıllı seçim etsə, kommunikasiyaların açılmasını öz iqtisadi liftinə çevirə bilər - tranzaksiya xərclərini azaldar, xarici sərmayələri cəlb edər, regional axın sisteminə inteqrasiya olar və donor asılılığından mərhələli şəkildə çıxar. Bu, Cənubi Qafqaz tarixində çox nadir hallarda yaranan bir şansdır.

 

Məhz buna görə 2025-ci il diplomatik korrektələrin deyil, dərin struktur dönüşünün ili olur. Azərbaycan artıq öz işinin payını görüb - infrastruktur qurub, alternativlər yaradıb, riskləri minimallaşdırıb və hər kəsin qazanacağı bir formula təqdim edib. İndi növbə Ermənistandadır. O ya yeni reallığı qəbul edib transformasiyanın iştirakçısına çevriləcək, ya da keçmişin illüziyaları içində qalacaq - qorxuların hesabdan üstün, ideoloji miflərin iqtisadi məntiqdən vacib sayıldığı bir mühitdə.

 

İrəvan üçün seçim son dərəcə sadədir: ya inkişaf, ya durğunluq. Ya regional inteqrasiya, ya özünütəcrid. Ya gələcəyin dəhlizlərində iştirak, ya da onlardan tədricən kənara düşmək.

 

Azərbaycan, nə qədər paradoksal səslənsə də, Ermənistana güzəşt yox, çıxış yolu təklif edir - tarixi komplekslərin qapalı məkanından çıxıb, real inkişaf məkanına daxil olmaq imkanı. Qarşıdakı illərin trayektoriyası isə bir suala bağlı olacaq: erməni elitasının açıq-aşkar reallığı qəbul edəcək qədər cəsarəti varmı? Cənubi Qafqazın yeni geoiqtisadi dövrü artıq başlayıb. Və bu dövr, təkcə gələcək haqqında danışmağı deyil, onu yarada bilənlərin ətrafında qurulacaq. Azərbaycan məhz bunu edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.