Bu gün - 9 noyabrda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Qarabağ münaqişəsi bölgəsində tam atəşkəsin elan olunması və bütün hərbi əməliyyatların dayandırılması haqda bəyanatın imzalanmasının 2 ili tamam olur. Bu addımın atılması qan tökülməsinin sona çatdırılması və regionda dinc həyatın bərqərar olunması üçün imkan yaratdı.
Bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, 2020-ci il 9 noyabrında imzalanan razılaşmaya əsasən, bölgəyə gətirilən Rusiya sülhməramlı kontingenti onun qarşısında qoyulan tapşırıqları effektiv şəkildə yerinə yetirir, vəziyyətin stabilləşdirilməsi və regionda təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətli dərəcədə töhfə verir: "Bunu bizim həm Azərbaycandan, həm də Ermənistandan olan dostlarımız yüksək qiymətləndirir".
XİN rəsmisi qeyd edib ki, 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr, 2022-ci ilin 25 oktyabr tarixli bəyanatlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün kompleks tədbirlərin başlanmasının əsasını qoyub: "Ölkələrin Baş nazir müavinlərinin həmsədrliyi altında Üçtərəfli İşçi Qrupunun fəaliyyəti çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində böyük işlər görülüb. Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialından maksimum istifadə edə bilmək üçün konkret layihələrin ən tez zamanda reallaşdırılması üçün iş aparırıq.
2021-ci ilin 26 noyabrda ölkə liderlərinin gəldiyi qərara əsasən, Ermənistan - Azərbaycan sərhədlərinin Rusiyanın da konsultativ iştirakı ilə demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiya fəaliyyətə başlayıb. Bu qurumun fəaliyyəti Azərbaycanla Ermənistan arasındakı sərhəddəki vəziyyətin stabilləşdirilməsi nöqteyi-nəzərindən olduqca vacib əhəmiyyət kəsb edir.
Azərbaycan və Ermənistandan olan həmkarlarla sülh müqaviləsinin imzalanması üçün sıx koordinasiya həyata keçirilir. Bizim ölkəmizin aktiv iştirakı ilə bu iki ölkənin xalqları arasında etibarın möhkəmləndirilməsi üçün ictimaiyyət nümayəndələrinin, mütəxəssislərin və parlamentarilərin iştirakı ilə dialoqların inkişaf etdirilməsi istiqamətində lazımi addımlar atılır. Rusiya rəsmi Bakı və İrəvanla Cənubi Qafqazda sülhün, stabilliyin təmin olunması, regionun inkişafı çərçivəsində bütün zəruri addımların atılması üçün əməkdaşlıq edəcək".