Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü olub.
Senzor.az xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan Serbiya Prezidenti Aleksandar Vuçiç deyib:
- Hörmətli cənab Prezident.
Əziz dostlar.
Serbiyaya gəldiyinizə görə təşəkkür edirik. Bu gün Sizi Belqradda görməkdən çox məmnunuq. Sizi yenidən öz ölkəmizdə görürük və ümid edirik ki, biz də Sizin ölkəyə səfər edəcəyik. Səfər etdiyinizə görə minnətdarıq və bilirik ki, Siz bu günlərdə çox məşğulsunuz. Amma öz tərəfimdən deyə bilərəm ki, Sizin fəaliyyətiniz daha məhsuldardır. Biz ən yaxşı dostlarıq. Bilirəm ki, ölkəmizə səfərinizi öz gündəliyinizə salmaq nə dərəcədə çətin idi.
Təkbətək görüş zamanı ölkələrimiz arasında real dostluq bir daha təsdiqləndi. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək vermişik. Siz də həmişə heç də asan olmayan şəraitdə Serbiyanın ərazi bütövlüyünü və suverenliyini hər zaman çox dəstəkləmisiniz. Biz eyni addımları davam etdirəcəyik. Bilirəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan hər zaman eyni mövqedən çıxış edəcək.
Son dövrdə əldə etdiyiniz bir çox uğurlar münasibətilə Sizi təbrik edirik. İqtisadi uğurlarınız hər kəsin marağına səbəb olur. Biz Sizin timsalınızda real, çiçəklənən ölkəni, Serbiyanın daha böyük dostunu və müttəfiqini görürük. Gəldiyinizə görə bir daha təşəkkür edirik. Ümidvaram ki, mənim Bakıya səfərim və Sizin yenidən Belqrada gələcəyiniz zaman məsələləri müzakirə etmək üçün daha çox vaxtımız olacaq.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:
- Sağ olun, cənab Prezident.
İlk növbədə, dəvətə görə minnətdaram. Sizi yenidən görməyimə çox şadam. Qonaqpərvərliyə görə təşəkkür edirəm. Bizim elə indicə təkbətək surətdə ikitərəfli çox yaxşı və məhsuldar müzakirəmiz oldu. İndi isə söhbətimizi davam etdirəcəyik. Siz haqlı olaraq qeyd etdiyiniz kimi, Serbiya və Azərbaycan hər zaman beynəlxalq arenada bir-birini dəstəkləyiblər. Ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə aid məsələlərə hər zaman ölkələrin maraqları əsasında baxılıb. Bu da təbiidir, çünki ölkələrimiz strateji tərəfdaşdırlar. Biz əməkdaşlığımızın yeni səviyyəyə qaldırılması üçün müvafiq sənədləri imzalamışıq. Eyni zamanda, əməkdaşlığımızın məzmunu da mehribançılığa əsaslanır. Bu gün biz bir çox məsələləri müzakirə edəcəyik. Fürsətdən istifadə edərək mən Sizi Azərbaycana səfərə dəvət etmək istəyirəm. Azərbaycana rəsmi səfərinizdən sonra biz son bir neçə il ərzində beynəlxalq tədbirlər əsnasında dəfələrlə görüşmüşük və bir yerdə söhbət aparmaq imkanımız olub. Bu dəvətə görə minnətdaram və gözəl ölkənizdə, bizə dost olan Serbiyada yenidən olmağıma, Sizinlə və nümayəndə heyətimizin digər üzvləri ilə strateji tərəfdaşlığımızın gələcək inkişafına töhfə verməyimə çox şadam. Bir daha sağ olun və Sizi Azərbaycanda səfərlə gözləyəcəyik.
**18:40
Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
Senzor.az xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilb.
Görüşdə çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç deyib:
- Biz bu gün Sizi burada qəbul etmək imkanına görə çox məmnunuq. Serbiyaya xoş gəlmisiniz. Cənab Prezident, Sizinlə əvvəllər də görüşlərimiz olub. Siz ölkəmizə dəfələrlə səfər etmisiniz. Biz Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk və bu mövqeyə çox hörmətlə yanaşırıq. Vətəndaşlarımız arasında əlaqələr inkişaf edir. Dostluğumuz həm Sizin, həm də bizim tərəfdə görülən konkret işlərdə öz təzahürünü tapıb. Serbiyanın ərazi bütövlüyünə hər zaman verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Biz də Azərbaycanın çətin, ağır vaxtlarında eyni mövqedən çıxış etmişik. Azərbaycan bizim çoxdankı dostumuzdur və ümidvaram ki, bundan sonra da biz münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Heç kəs bir faktı inkar edə bilməz ki, biz yaxın dostuq, yaxın dost kimi qalırıq. Bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini artırmaq üçün əlimizdən gələni edəcəyik. Təşəkkür edirəm. Bir daha xoş gəlmisiniz.
x x x
Sonra çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Sağ olun, cənab Prezident. Dəvətə və qonaqpərvərliyə görə minnətdaram. Gözəl ölkənizdə olmaqdan və fəal dialoqumuzu davam etdirməkdən çox məmnunam. Biz beynəlxalq arenada, bəzi beynəlxalq tədbirlərdə tez-tez görüşürük. Telefonla əlaqə saxlayırıq. Bir sözlə, əlaqədəyik. Biz ikitərəfli əlaqələrimizin inkişafına hər zaman töhfə veririk. Hazırda onların artıq strateji tərəfdaşlıq mahiyyəti var. Bu, sadəcə imzaladığımız bəyanatla kifayətlənmir, əməkdaşlığımızın əsasını təşkil edir. Artıq qeyd etdiyiniz kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyimizi dəstəkləmişik və bunu davam etdirəcəyik. Biz, həmçinin çox sıx şəxsi münasibətlər qurmuşuq, bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu, ikitərəfli əməkdaşlığımızın vacib elementlərindən biridir.
Mən böyük nümayəndə heyəti ilə gəlmişəm və həmçinin Serbiya tərəfinin böyük nümayəndə heyətini görürəm. Nümayəndə heyətimizin üzvlərinin çox fəal surətdə söhbət aparmaq və gələcək addımları planlaşdırmaq üçün yaxşı fürsət olacaq. Əməkdaşlığımızın hansı şəkildə daha da inkişaf etdirmək, tərəfdaşlığımızı gücləndirmək yollarını müzakirə edəcəyik. Qonaqpərvərliyə görə bir daha minnətdaram.
**17:24
Noyabrın 23-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
Senzor.az xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı:
- Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl ölkənizə dəvətə görə də Sizə minnətdaram. Eyni zamanda, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə də Sizə təşəkkürümü bildirirəm. Bu, əsl dostun sözləridir. Bizi Prezident Vuçiç ilə dostluq əlaqələri bağlayır və hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır.
Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var.
Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq. Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi. Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür.
Biz nəticə etibarilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik. Beynəlxalq hüquq bu imkanı bizə verirdi, BMT-nin Nizamnaməsi bu imkanı bizə verirdi, özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana. Biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur.
Biz, əlbəttə ki, bu və digər məsələləri ölkələrimizin maraqlarının prizmasından təhlil edirik və bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır.
Bir sözlə, biz bu gün növbəti illər üçün bir gündəlik tərtib etdik. Əlbəttə ki, prezidentlər bu gündəliyi diqqətdə saxlayacaqlar, bu məsələlərin icrasına nəzarət edəcəklər. Bunu daha operativ və səmərəli şəkildə etmək üçün əlbəttə ki, biz tez-tez görüşməliyik.
Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə, mən də yenidən gələcəyəm. Mənim Serbiyaya səfərim bir qədər uzandı, yəni, bir qədər gecikdi. Çünki Prezident Vuçiç üç il yarım bundan əvvəl Azərbaycanda idi. Mən də cavab səfəri etməli idim. Amma COVID-in müdaxiləsi nəticəsində bir qədər ertələndi. Amma yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq. Qonaqpərvərliyə və diqqətə görə bir daha təşəkkürümü bildirirəm.
**16:03
Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.
Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”i Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov və Serbiya Respublikasının daxili işlər naziri Bratislav Qaşiç imzaladılar.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”in tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında İnzibati Razılaşma”nı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Serbiya Respublikasının əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Nikola Selakoviç imzaladılar.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya Respublikasının Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri Kamil Xasiyev və Serbiya İnkişaf Agentliyinin direktoru Radoş Qazdiç imzaladılar.
“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri Kamil Xasiyev və Serbiyanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mixaylo Vesoviç imzaladılar.
**15:34
Noyabrın 23-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış edirlər.
Senzor.az liderlərin mətbuata bəyanatlarını təqdim edir:
**15:30
Noyabrın 23-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
**15:28
Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü olub.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
**15:00
Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
Senzor.az xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.
**14:03
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.
Senzor.az xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.
**13:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfərə gedib.
Senzor.az xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.